Müsahibə

Əfran İsmayılov: “Təbii ki, bu səhvlərdən nəticə çıxartmışam”

“Qarabağ”ın futbolçusu Əfran İsmayılovun idmanxeber.com saytına müsahibəsi.

– Dünən “Qarabağ” ardıcıl 3-cü dəfə “qızıl dubl” etdi. Oyunda vurulan hər iki qolun ötürməsini sən verdin. Demək olar ki, bu mövsümdə ən yaxşı oyunlarından birini keçirdin. Matçı dəyərləndirərdin…

– Çətin oyun olacağını bilirdik. Hər iki komanda çempionluğa oynayırdı. Həm Premyer Liqada, həm də kubokda bu iki komanda arasında gərgin mübarizə var idi. Final görüşləri bir oyundan ibarət olur. Baş məşqçimiz bizi bu oyuna elə motivasiya etmişdi ki, hər bir futbolçumuz meydanda canını qoymağa hazır idi.

“Qəbələ” də iddialı rəqibdir. Onlar da çempion olmaq istəyirdilər. Baxmayaraq ki, PL-də çempion olmuşduq, amma arxayın olmadıq və kuboka da yiyələndik. Düşünürəm ki, layiqli və ədalətli qələbə qazandıq.

– Ardıcıl 3-cü dəfə “qızıl dubl” necə hissdir?

– Möhtəşəm hissdir. Bu hissləri hər futbolçu yaşaya bilmir. Şükürlər olsun ki, bu, bizə nəsib oldu. Naxçıvan əhalisinə öz təşəkkürümü bildirirəm. Stadionda əla ab-hava yaratmışdılar. Naxçıvanda heç olmamışdım. Belə olacağını gözləmirdim. Ümid edirəm ki, buraya yenə qayıdacağam.

– Stadionun ot örtüyü və havanın durumu elə də əlverişli deyildi. Ümumiyyətlə, Naxçıvanda nə kimi problem yaşadız?

– Sözün açığı, Naxçıvanda heç bir problem yaşamadıq. Qonaqpərvər xalqı var, bizi çox isti qarşıladılar. Stadionda möhtəşəm atmosfer var idi. Havaya və ot örtüyünə gəlincə, bu, bizə nə dərəcədə problem yaradırdısa, rəqibə də eynisi olurdu. Bu barədə çox danışmaq istəmirəm. Çünki meydanda iki komanda mübarizə aparırdı. Bizim üçün pisdirsə, onlar üçün də pisdir, bizim üçün yaxşıdırsa, onlar üçün də yaxşıdır.

– 1 ay sonra millimiz Şimali İrlandiya ilə qarşılaşacaq. Şansları necə dəyərləndirirsən?

– Bu oyundan sonra 5-10 gün istirahət edəcəyik. Ondan sonra da çox güman ki, təlim-məşq toplanışına başlayacağıq. Həqiqətən də, bizim üçün ağır dönəm başlayır. Milli komanda bütün Azərbaycanı təmsil edir, Azərbaycan da bizim ürəyimizdi, canımızdı. Biz Azərbaycanımızı layiqincə təmsil etməliyik. Şimali İrlandiya ilə oyun bizim üçün çox ağır olacaq. Deyərdim ki, bu, finala bərabər oyundur. Bu matçda qalib gəlsək, şanslarımız daha da artaacaq. Əgər məğlub olsaq, şanslarımız azalacaq.

– Adətən, millinin heyətində oyunlar zamanı səhvlər edirdin və bu səbəbdən üzərinə çoxlu təzyiqlər olurdu. Səncə, dünən göstərdiyin oyunu millinin heyətində də nümayiş edə bilərsənmi? Ümumiyyətlə, sosial şəbəkələrdə və ya mediada tənqid edilmək sənin psixoloji durumuna təsir edirmi?

– Yox, bu, mənə heç bir təsir edə bilməz. Çünki mən heç bir şeyə baxmıram və cavab vermirəm. Mən nə “instagram”da varam, nə də “facebook”da. Kimin nə yazıb-yazmadəğı mənim üçün maraqlı deyil. Mənim üçün əsas olan Qurban Qurbanovun və Robert Prosineçkinin fikirləridir. Arada dost-tanış da bu barədə mənə bildirir. Onlara da deyirəm ki, bu söhbətlər haqqında mənimlə danışmayın. Futbolda səhvlər olur. Gördüyünüz kimi səhvlər oldu və biz “Qəbələ”yə qollar vurduq. Belə hallar futbolda baş verir. Prosineçki də mənə deyir ki, belə şeylərə fikir vermə, meydana çıx və oyununu oyna. Almaniya ilə oyunda bir neçə belə hal yaşandı. Almaniya da güclü komandadır. Bəlkə də başqa bir komanda olsaydı səhv etməyəcəkdik. Təbii ki, bu səhvlərdən nəticə çıxartmışam. Mən də istəyirəm ki, komandam qalib gəlsin, azarkeşlərimiz sevinsin. Bəlkə də azarkeşləri məndən çox sevindirmək istəyən adam ola bilməz. Amma yenə deyirəm: bu, futboldur və belə səhvlər olur. Bunlara görə söhbəti çox şişirtmələrinə ehtiyac yoxdur.
İsmayılzadə İlkin 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43