Premyer Liqa

“Əgər çempion olmaq istəyiriksə, hər oyunda qələbə uğrunda mübarizə aparmalıyıq”

“Fasilənin ilk 5 gününü istirahət etdik. Daha sonra məşqlərimiz başladı. Əsasən fiziki hazırlığa üstünlük verdik. Gündəlik iki məşqimiz oldu. Bu bizim fiziki formamızı bərpa etməyimiz üçün vacib idi. Komanda olaraq fasiləni gözəl dəyərləndirdiyimizi deyə bilərəm”.

Bu sözləri  “Qəbələ”nin futbolçusu Nizami Hacıyev Topaz Premyer Liqanın VI turunda AZAL-la oyunöncəsi klubun rəsmi saytına açıqlamasında deyib.

O, AZAL-ın güclü komanda olduğunu, lakin “Qəbələ”nin rəqibdən çəkinmədiyini deyib:

“AZAL 5 turdan sonra turnir cədvəlinə rəhbərlik edir. Bu onların gücündən xəbər verir. Çox intizamlı komandadır. Məşqçinin tapşırıqlarını dəqiq yerinə yetirirlər, oyun distiplinini sona qədər qoruyurlar. Amma bizim də öz oyun üslübumuz var. Əgər məşqçimizin istəklərini sona qədər yerinə yetirə bilsək, öz oyunumuzu rəqibə diktə etməyi bacarsaq, paytaxtdan istədiyimiz nəticə ilə dönəcəyik. Komandamızda bu potensial var. Yalnız qələbəni düşünürük. Əgər çempion olmaq istəyiriksə, hər oyunda qələbə uğrunda mübarizə aparmalıyıq”.

Qeyd edək ki, AZAL – “Qəbələ” matçı sentyabrın 15-i saat 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43