Ölkə futbolu

Ələkbərov 76-cı oldu – STATİSTİKA

Premyer Liqanın 5-ci turu çərçivəsində keçirilən “İnter”-“Simurq” matçı bəzi statistik göstəricilərlə də yadda qaldı.

Belə ki, matçın 31-ci dəqiqəsində “Simurq”un qapısını dəqiq hədəfə alan komandamızın gənc yarımmüdafiəçisi İlqar Ələkbərov “İnter”in Azərbaycan Çempionatı oyunlarında qol vurmaqla fərqlənən sayca 76-cı futbolçusu oldu.

Bu mövsümdə bu siyahıya öncə Vaqif Cavadov, Ruslan Əmircanov və Brüs Abdulaye daxil olmuşdular. Vaqif Cavadov bu mövsüm “İnter”in heyətində birinci olsa da, Ruslan Əmircanov və Brüs Abdulaye komandada ötən ildən çıxış edirdilər, amma Premyer Liqanın 2012-13-cü il mövsümündə qol vurmaqla fərqlənə bilməmişdilər.

Qeyd edək ki, “İnter”in heyətində ən yaxşı bombardir Xaqani Məmmədovdur, onun aktivində 28 qol var. Rəqibin qapısından 6 az top keçirmiş futbolçu uruqvaylı Valter Quqlemondur. Baçana Tsxadadzenin avtivində 18, Robertas Poşkusun aktivindəsə 14 qol var.

Əlavə edək ki, 2004-cü ildən başlayaraq “İnter” 269 matç keçirmişdir. 145 oyunda komanda qələbə qazanmış, 71 oyunda heç-heçə qeydə alınmış və 53 qarşılaşma “İnter”in məğlubiyyətilə başa çatmışdır. Bu matçlarda komandamız 377 qol vurmuş, qapısından 188 qol buraxmışdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43