Kateqoriyasız

“Əlimizdə nə imkan varsa, onun üzərində iş görməyə çalışırıq” – Fariz Nəcəfov

“Qəbələ”nin prezidenti Fariz Nəcəfovun İdmanxeber.az saytına müsahibəsi:

– Transfer çalışmaları nə yerdədir?
– Bir neçə mövqeyimiz var ki, ora yeni oyunçular gətirməyə çalışırıq. Çalışmalara təzə başlamışıq və komanda hələ hazır deyil. Türkiyədəki toplanışdan sonra komanda tam olmasa da, oyuna hazır ola biləcək.

– Yeni transferlər – İlkin Qırtımov, Felipe Santos və Səlahət Ağayevdən gözlənilət nədir?
– Hər üç oyuncunun kifayət qədər təcrübəlidir. Santos haqda ancaq xoş sözlər deyə bilərəm. “Şamaxı”da oynadığı oyunları xatırlayırsız. Azərbaycanda oynayıb deyə, komandaya tez uyğunlaşacaq. Qırtımov əzmkar oyunçudur. İnanıram ki, bizim oyunumuza uyğundur. Səlahət Azərbaycanda 3 qapıçıdan biridir. Ancaq müsbət gözləntilərimiz var.

– Ötən mövsüm komandadan gözləntilər böyük olmasa da, “Qəbələ” sürprizə ima atdı. Avrokubok oyunundan əvvəl atmosfer necədir? Yəqin Konfrans Liqasındakı rəqibiniz “Fehervar”ın (Macarıstan) oyunlarını izləmisiz.
– Rəqib haqda kifayət qədər çox məlumat yoxdur. Bilirik ki, heyətləri güclüdür, təcrübəlidir və iddialıdılar. Çətin olacaq, amma oyuna tam məsuliyyətlə hazırlaşsaq, şans hər zaman var. Əlimizdə nə imkan varsa, onun üzərində iş görməyə çalışırıq. Növbəti mərhələyə çıxmaq üçün əlimizdən gələni edəcəyik.

– “Fehervar” büdcə və heyət baxımından kağız üzərində sizdən üstün görünür. Bir mərhələ keçmək “Qəbələ” üçün uğur sayıla bilər?
– Əlbəttə, bizim üçün uğur sayıla bilər. Əvvəllər bundan da yaxşılarını etmişik. Bunu edə biləcəyimizə də əminəm. Bunun üçün müəyyən işlər görmək lazımdır. Şəxsən mən bunun üçün çox çalışıram. “Qəbələ”nin əvvəlki illərdə olduğu kimi avrokuboklarda uğurlu çıxış edən komanda olması üçün çalışıram.

– Büdcə problemi hələ davam edir. Bu, nə dərəcə narahatlıq yaradır?
– Bizim büdcəmiz bir neçə yerdən formalaşır. Buna görə qeyri-müəyyənliklər var. Bizə ayrılan büdcələrdən artıq məlumatlıyıq. Yaxın zamanda köçürmələr olacaq. Narahatçılıq yoxdur.

– Konfrans Liqasına düşdüyünüz üçün də pul gəlməlidir…
– Bəli, amma o, geç köçür. Hardasa oktyabrda falan olacaq. Bunu gözləməyə vaxtımız yoxdur. Komanda təlim-məşq toplanışına gedəcək. Xərclər ödənilməlidir.

– “Fehervar” favorit olsa da, cavab matçı Qəbələdə olacaq. Şansları bərabər hesab etmək olar?
– Artıq səfər qolu qaydası ləğv olunduğu üçün səfər matçları elə əhəmiyyətli deyil. Səfərdə yaxşı nəticə əldə etməliyik. Mərhələ keçmək üçün əlimizdən nə gəlirsə, etməliyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43