Ölkə futbolu

“Ən böyük arzum “Xəzər Lənkəran”ın heyətində “Neftçi”yə qol vurmaqdı” – MÜSAHİBƏ

Son olaraq Litvada keçirilən “Palanqa” turnirində “Ən yaxşı hücumçu” seçilib 17 yaşadək millimizin qələbələrində böyük pay sahibi olan Elnur Cəfərov dünən əvəzedicilərin çempionatında keçirilən V turun “Qəbələ” – “Xəzər Lənkəran” matçında da qonaqların ilk qolunun müəllifi olub. Gənc futbolçunu “Xəzər Lənkəran”ın rəsmi saytına verdiyi müsahibə vasitəsilə qısa da olsa yaxından tanımaq mümkündür.

– Elnur, futbola ilk gəlişin necə baş verdi?

– İlk dəfə futbolun sirlərinə 9 yaşım olanda yiyələnmişəm. Lənkəran UGİM-in nəzdində Habil müəllimin məşqçiliyi altında futbolda ilk addımlarımı atdım. Daha sonra Teymur müəllim də püxtələşməyimə yardımçı olub. Lakin mənim üzərimdə böyük zəhməti olan müəllim-məşqçim “Xəzər Lənkəran”da Məhərrəm Bağırov olub. Artıq 10 yaşımdan “Xəzər Lənkəran”ın aşağı yaş qruplarında çıxış edirəm. Düz 5 ildir “Xəzər Lənkəran”dayam. Doğma komandamızın mənim futbolçu kimi yetişməyimdə böyük payı və rolu var. Buna görə də klub rəhbərliyinə minnətdaram ki, hər bir futbolçunun böyük arzusu olan milli komandanın formasını daşımağa qədər yüksəlib istəyimə çatdım.

– Millidən söz düşmüşkən, neçə yaşından milliyə çağırılırsan?

– 14 yaşım olanda Azərbaycan millisinə çağrıldım. Amma məndən iki yaş böyük olan U-16-ya. Təbii ki, nə qədər çətin olsa da məndən yaşda böyüklərin arasında itib-batmadım və özümü göstərə bildim. Artıq U-17-nin şərəfini qoruyuram. Ümid edirəm ki, bu templə davam edib əsas millimizin də şərəfini qoruyacağam.

– Bir neçə gün əvvəl başa çatan və Litvada keçirilmiş “Palanqa” turnirində də qollarını sıraladın və millimizin mükafatçılar sırasına düşməyində böyük pay sahibi oldun…

-Elədir! Amma qələbədə bütün komanda yoldaşlarımın payı var. Bu turnirdə “Ən yaxşı hücumçu” mükafatını aldım. Qollarımı da valideynlərimə və məni bu səviyyəyə çatdıran “Xəzər Lənkəran”a həsr edirəm.

– “Xəzər Lənkəran”ın əsas heyətində özündən yaşda böyük futbolçularla bir sırada olmaq, onlarla bir məşqlərdə iştirak etmək sənə çətinlik yaratmır ki?

– Açığı ilk günlər heç öyrəşə bilmirdim. Amma komanda yoldaşlarım mənə kiçik qardaşları kimi münasibət göstərib sıxılmağa qoymadı. Əsas komanda ilə xariçi ölkələrdə toplanışlarda olmaq da yetişməyimdə, futbolçu kimi artırmağımda həlledici oldu. Söz yox ki, mən bu yerdə millimizin məşqçilərini də unutmuram.

– “Xəzər Lənkəran”da ən bəyəndiyin, örnək götürdüyün futbolçu kimdir?

– Rahid Əmirquliyev! Onu bir insan və futbolçu kimi çox bəyənirəm.

– Con Toşak kimi tanınmış bir məşqçi ilə çalışmaq necə duyğudur?

– Çox məsuliyyətli olmaq gərəkdir. O, gənclərə inanan və yer verən məşqçidir. Mənə də tez-tez öz tövsiyyələrini verir. Çalışıram ki, bütün tapşırıqlarını düzgün yerinə yetirib əsas komandada möhkəmlənim.

– Son olaraq ən böyük arzunu bilmək maraqlı olardı…

– Ən böyük arzum “Xəzər Lənkəran”ın heyətində “Neftçi”yə qol vurmaq, “Xəzər Lənkəran”ın əsas heyətində daimi çıxış etmək və buradan Avropaya gedib ölkəmizi layiqincə təmsil etməkdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43