İdman

“Əynimdəki şalvar 750 manatdı” – Avropa Oyunlarının qalibi

Avropa Oyunlarında gözlənilməz medallardan biri yunan-Roma güləşi növündə mübarizə aparan Elvin Mürsəliyevdən gəldi.

İnamlı qələbələr qazanan idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacardı. Bundan sonra tanınmış simaya çevrilən Mürsəliyev 2016-cı ildə Braziliyanın Rio-De-Janeyro Olimpiyadasına da lisenziya qazanıb. Sakit təbiəti ilə seçilən Elvinlə müsahibədə idmandan kənar mövzulardan danışmağa çalışdıq. “Qafqazinfo”ya müsahibə verən idmançı bir çox maraqlı açıqlamaları ilə də yadda qaldı.
– Adətən idmançılarımız idmandan kənar suallara cavab verməkdən yayınır…
– Yox, mənim üçün problem deyil. Onsuz da yorulmuşam idmanla bağlı suallara cavab verməkdən. Hamı güləşdən sual verir və standart cavablar verirəm. Mövzunun başqa olması daha maraqlıdır.
– Avropa Oyunlarında qazandığınız qızıl medaldan sonra hamı sizi tanıdı? Sizin üçün ən yadda qalan uğurdur?
– Razıyam. Bu qızıl medal mənim üçün bir başqa idi. Qarşıda olimpiya oyunları var. Ora hazırlaşırıq.
– Sizin olduğunuz sahədə qazanc digər sahələrə nisbətən daha çox olduğu üçün idmançılarımız bir böyük uğurdan sonra biznesə keçir…
– Ataların bir misalı var: bir əldə iki qarpız tutmaq olmaz. Mən indi bizneslə də məşğul olsam, eyni zamanda idmanı davam etdirsəm, bu alınmayacaq. İkisindən birini seçməliyəm. Hazırda isə bütün fikrim idmandadır. Çünki fikrimi digər sahələrə yönəltsəm, uğur qazana bilməyəcəm. Nə vaxt idmandan getsəm, o zaman bir şey düşünəcəm.
– Boş vaxtlarınızda hara gedirsiz?
– Adətən belə vaxtımız az olur. Olanda da öz səhvlərimiz üzərində işləyirik. Başqa kitab oxumağı çox xoşlayıram. Oxuduğum kitabları yazıram. Bir məşğuliyyət tapırıq.
– Son oxuduğun kitab hansıdır?
– İndi “Kəllə və dinmə” kitabını oxuyuram. Amma çox vaxt dedektiv janrda oxumağı sevirəm. Elxan Elatlının kitablarını oxuyuram. Çox maraqlıdır.
– Onun ən çox xoşladığınız kitabı hansıdır?
– “Cəhənnəmdən gələn səs”. Bu kitabı oxuduqdan sonra ordakı bütün hadisələri bir həftə yuxumda gördüm. O qədər dərindən oxumuşdum ki, bütün günü bu kitabdakıları fikirləşirdim.
– Oxuduğunuz dedektiv kitablarda hansı obraz olmaq istəyərdiniz?
– Qanbay Qasımlı.
– Kitab oxuduğunuzu dediniz. Bəs, ali təhsil almaq fikriniz olubmu?
– Mən İdman və Bədən Tərbiyəsi Akademiyasın bitirmişəm. Sənətimə uyğun olaraq. İdmanla məşğul olduğum ilk vaxtlarda təhsildən qaçırdım. Amma indi istəyirəm ki, həmin səhvlərimi düzəldim. Məsələn, istəyərdim ki, hansısa universitetdə hüquqşünaslıq fakültəsini bitirim. Bəlkə də, idmanı bitirəndən sonra bunu edərəm.
– Niyə bizim idmançıların çox vaxt “razborkalarda” adı hallanır?
– Mənə elə gəlir ki, peşəkar idmançıların adı belə şeylərdə çox hallanmır. Biz öz işimizlə məşğuluq. Bilirsiz, onlar kimdir? Bir az məşq edir, adı olur “kaçok”. Başlayır özünü göstərməyə. Gedir mübahisələrə girişir, guya “söhbət həll edir”.
– Sosial şəbəkələrdən istifadə edirsiz. Qızlar çox yazır sizə?
– Avropa Oyunlarından sonra demək olar ki, hər gün yazırdılar. İndi də yazanlar var. Amma çalışıram ki, sosial şəbəkələrdən uzaq qalam. Ona görə də bəzən “Facebook”u bağlayıram. Adamın sosial şəbəkədə başı qarışır, rejimi pozulur.
– 27 yaşınız var. Bəs, evlənmək haqqında düşünmürsüz? Yoxsa hələ ki, idman buna mane olur?
– Məncə də, artıq evlənmək üçün normal yaşdır. Düşünürəm bu barədə.
– Türkiyədə idmançılar daha çox şəxsi həyatları ilə gündəmə gəlir. Buna da pis baxmırlar. Bəs, bizdə?
– Hər kəs öz işi ilə məşğul olmalıdır. Sizin işiniz idmançıları çəkmək, onlar haqqında xəbər yazmaqdır. Buna pis baxmıram. Normal qarşılayıram. Tanınmış insanla hər kəs maraqlanır ki, o gündəlik həyatında nə ilə maraqlanır.
– Həmişə məşqçilər tərəfindən qoyulan standartlarla yemək yeyirsiz? Komandada ən çox yeyən kimdir?
– Mən. Elə vaxt olur ki, məşqdən gəlirəm yorğun oluram və yeməyə həvəsim olmur. Gecə isə acıram və durub bir şey axtarıram yeməyə. Gizlin nəsə yeyirəm. Sadəcə biz yeməyi ziyan olan qədər yeməməliyik. Çəki artımı olanda problemlər yaranır. Məsələn, gündə 3 dəfə yemək yeməyən idmançılar məşqçilər tərəfindən cərimə olunur.
– Dünən sosial şəbəkələrdə bir xəbərə rast gəldik ki, idmançı çempion kəmərini xəstə dostuna görə satır. Sən belə bir addım atardınmı?
– Əlbəttə. Əgər yaxın dostum xəstə olsaydı, qızıl medalımı satardım.
– Milliləşdirilmiş idmançılarımız həddən çoxdur və azarkeşlər bəzən buna görə komandalarımızı izləməkdən imtina edir…
– Bizdə ən çox ağır çəkidə idmançılar çox azdır. Belələri respublika çempionatına gəlir, bir uğur qazanır. Ulduz xəstəliyinə tutulur. Həm də pul qazanır və məsuliyyətsiz olur. Amma legionerlər fərqlidir. Saman Təhmasibi və Sabah Şəriəti uğur qazanıblar. Şəriəti bizim hətta aşağı çəkili idmançılara nümunə ola biləcək biridir. Qadın güləşində Mariya Stadnik və digərləri var. Standik bizdə qadın güləşi inkişaf etmədiyi zaman komandaya gətirildi ki, başqalarına kömək etsin və həm də uğur qazansın. O da bunu uğurlu etdi. Digər tərəfdən bizim yerli idmançılar legionerlərlə mübarizə aparmağı xoşlamırlar. Tez kənara çəkilirlər. Mən istəyirəm ki, hər zaman mübarizə aparım. Əgər öz idmançılarımız sona qədər mübarizə aparsalar, daha güclü olarlar.
– Hansı tərz musiqini sevirsiz?
– Həzin musiqilərə üstünlük verirəm. Yerli müğənnilərə çox az qulaq asıram. Çünki çoxu toy üçün oxuyanlardır.Aygün Bəylərlə Eyyub Yaqubov müəyyən qədər məni qane edir.
– Güləşdən başqa sevdiyiniz idman növü hansıdır? Futbola baxırsızmı? Azərbaycan futbolu sizin üçün maraqlıdır?
– Futbola baxıram. Mənim bu idman növündə sırf bir klubum var – “Bavariya”. Bu komandaya görə hətta Almaniyanın Münhen şəhərinə də getmək istərdim. Azərbaycan futbolu istədiyimiz səviyyədə deyil. Maraqlı gəlmir.
– Brend geyimlər geyirsiniz, yoxsa fərq etmir?
– Fərqi yoxdur. Özümə nə rahatdır, nə xoşdursa, onu.
– Ən bahalı geyiminiz hansıdır?
– Məsələn, əynimdəki şalvar. Qiyməti 750 manatdır. Amma bunu mənə hədiyyə ediblər. Özüm daha çox ətirlərə, saata pul xərcləməyi sevirəm. Elə olub ki, 300 manatlıq ətir almışam.
– Klassik geyimlərdən istifadə edirsiz?
– Çox az. Yarı klassik, yarı sport geyinməyi xoşlayıram.
– “İnstagram”dan necə istifadə edirsiz?
– Avropa Oyunlarından sonra orda bir səhifəm var idi. İzləyicim çox idi. Amma indi başqasından istifadə edirəm, onu bağladım. Qızıl medal qazandığım günün səhərisi 4000 izləyici qəbul etdim. Bir günə. Təsəvvür edirsiz ki, bu nə deməkdir.
– Azərbaycanlı müğənnilərlə, təbii ki, xanımları nəzərdə tuturam münasibətiniz varmı?
– Yox.
– Müğənni xanımla evlənərsiz?
– Deyim ki, yox. Bürclərə inanan adamam. Deyir ki, şir bürcü olanlar çox qısqancdırlar. Mən də eləyəm. İstəmərəm ki, xanımın gecə hardansa evə gəlsin və ya harasa getsin. Sadəcə mənə məxsus olsun.
– Özünü idmandan kənar hansı vəzifədə görürsüz?
– Özümü daha çox əsgər kimi görürəm. Peşəkar əsgər kimi də yetişmişəm. Bu gün Qarabağ uğrunda döyüşlər olsa, öndə gedərəm. Həm də hansısa vəzifə sahibi olmaq kimi də arzum yoxdur. İdman bitəndən sonra da yəqin öz sahəmizə uyğun bir vəzifədə olacağıq.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43