Layihə

“1:0″lıq tur (LAYİHƏ)

Azərbaycan Premyer Liqasında XXII tur da geridə qaldı.

İdmanxeber.com-un məlumatına görə, baş tutan 4 qarşılaşmada qapılara ümumilikdə 4 qol vuruldu. Maraqlıdır ki, keçirilən görüşlərin hamısında eyni nəticə qeydə alındı – 1:0. Bu, cari mövsümdə ilk belə hadisədir. Bundan başqa bu turu əlamətdar edən daha bir məqam isə oyunların hamısında meydan sahiblərinin qələbə qazanmasıdı.

Gəncədə Avroliqa döyüşü

XXII tur Gəncədə start götürdü. Bu şəhəri təmsil edən "Kəpəz" "Zirə"ni qonaq etdi. Stadionun qazonunun yaxşı formada olmaması komandaların yaradıcı oyun sərgiləməsində problemlər yaradırdı. Oyunu maraqlı edən məqamlardan biri də, "Zirə"nin "Kəpəz"dən 11 xal irəlidə olması idi. Məhz bu amil "Kəpəz"in mütləq şəkildə qələbə qazanmasını şərtləndirən amillərdən idi.

Qış fasiləsindən sonra doğma azarkeşləri önündə qələbə qazanmayan "sarı-göylər" bu uğursuz gedişata son vermək üçün "Zirə"ni məğlub etməyə borclu idi.

Oyun meydan sahiblərinin hücumları ilə start götürdü. Gah sağ, gah da sol cinahdan rəqib qapısında xoşbəxtlik axtaran Şahin Diniyevin komandası hissənin ortalarında üstünlüyü "Zirə"yə versə də, qilk hissədə qapını toxunulmaz saxlamaq mümkün oldu.

İlk hissədən fərqli ikinci yarıya daha da istəkli başlayan "Kəpəz" hücumçusu Ebahın 55-ci dəqiqədə vurduğu qolla hesabı açdı. 6200 tamaşaçının izlədiyi oyunda başqa qol olmayınca "Kəpəz" qələbə qazanan tərəf oldu və bununla da, "qartallar"la xal fərqini 8-ə endirdi.

"Nizi"dən Prosineçkiyə salam var

Çempionluq şanslarını formal olaraq saxlayan "İnter"də əsas hədəf qərarlaşdığı üçüncü pilləni əldən verməməkdi. Svanadzenin komandası bunun üçün "Sumqayıt"la ev oyununda məğlub olmamalı idi. Paytaxt klubunun ən yaxın izləyicisi olan "Zirə"nin Gəncə səfərində məğlub olması "İnter"in növbəti 3 xalı qazanmaqla 4-cü yerlə xal fərqini daha da artırmaq şansı qazandırmışdı.

Oyun gözlənildiyi kimi "İnter"in hücumları şəraitində başladı. Öncə Nizami Hacıyev, daha sonr aisə Rauf Əliyev ələ düşən şansları boşa verincə qonaqlar əks həmlələrlə "ağ-göylər"i narahat etməyə başladı. Meydan sahiblərinin təzyiqi özünü çox gözlətmədi. "İnter" elə ilk hissədəcə "Sumqayıt"ı mərkəzə dəvət edə bildi. Paytaxt klubunun kapitanı Nizami Hacıyev gözəl qolla hesabı açdı.

Milli komandamızın baş məşqçisi Robert Prosineçkinin milliyə dəvət etdiyi futbolçuların sırasında olmayan Nizami sərgilədiyi futbol və vurduğu qolla sanki xorvatiyalı mütəxəssisə icmarıc göndərirdi.

Samir Abbasovun başçılıq etdiyi "Sumqayıt" buraxılan qoldan sonra ikinci yarıya hücumlarla başladı. Lakin rəqib qapısına edilən həmlələr təhlükəli olsa da, dəqiq olmurdu.

İki turdu xalsız qalan "kimyaçılar" ardıcıl 3-cü oyununda da ehtiyatına xal yazdıra bilmədi. "İnter Arena"a baş tutan və cəmi 700 tamaşaçının izlədiyi qarşılaşmada başqa qol olmayınca "İnter" 3 xalı qazanan tərəf oldu.

Autsayderdən gələn çətin 3 xal

Çempionluq yolunda “Qəbələ”dən 1 xal geri qalan “Qarabağ” klubu 22-ci turda AZAL-ı qəbul edirdi. Fasilədə heyətinə yeni futbolçular qatan AZAL 3-cü dövrədə istənilən rəqibə çətinliklər yarada bilirdi. Elə “Qarabağ” da AZAL üzərindəki qələbəni asanlıqla qazana bilmədi. Oyunun ilk dəqiqələrindən hücuma atılan Ağdam təmsilçisi ardı-arası kəsilməyən hücumların ardından qapıya yol tapa bilmədi. Komanda çətinliklə meydanın AZAL-a aid olan hissəsinə girirdisə də, son nöqtəni qoya bilmirdi. “Köhlən atlar”ın fərqlənə bilməməsində əsas səbəblərdən biri də AZAL-ın qolkiperi Aqil Məmmədov idi. O, ilk hissədə “Qarabağ”ın qapıya endirdiyi 3 dəqiq zərbəni dəf edə bildi. AZAL-da asanlıqla təslim olmaq niyyətində deyildi. İlk hissədə “təyyarəçilər” Ağdam klubu üçün çətinlik yarada bilməsələr də, ikinci hissədə ara-sıra hücumlar təşkil edirdi. Lakin bütun hücumlara baxmayaraq ilk hissə qolsuz bərabərliklə başa çatdı.

İkinci hissə də Ağdam klubunun hücumları ilə başladı. Güclü hücumlar təşkil etməsinə baxmayaraq, Ağdam klubu istəyinə oyunun 68-ci dəqiqəsində çatdı.  Komandanın heyətində Cənubi Afrika Respublikası millisinin üzvü Dino Ndlovu fərqləndi. Qoldan sonra hesabı bərabərləşdirməyə çalışan “təyyarəçilər” ən real qol vəziyyətini 90-cı dəqiqədə reallaşdıra bildi. Komandanın 7 nömrəli futbolçusu Kamal Mirzəyevin qapıya doğru endirdiyi zərbə çərçivədən azca aralı keçdi. Bununla da, aktivinə 3 xalı yazdıraq “Qarabağ” klubu 1-ci pilləyə yüksəldi.

“Neftçi” liderə “dur” dedi

Turun ən maraqlı matçı “Bakcell Arena”da baş tutdu. Burada “Neftçi” “Qəbələ”ni qəbul edirdi. Cari mövsüm “Neftçi”nin qorxulu yuxusuna çevrilən “Qəbələ” klubu matçın favoriti görünsə də, “Neftçi” də qələbə şanslarını qoruyurdu. Geridə qalan turlar ərzində 3 dəfə qarşılaşan komandaların görüşündə qapılara 14 qol vurulmuşdu ki, bunun da 13-nü “Qəbələ” “Neftçi”nin qapısından keçirmişdi. Qış fasiləsi zamanı heyətini gücləndirən “ağ-qaralar” 3-cü dövrədə yaxşı çıxışla yadda qaldı. “Qəbələ” də öncəki turlarda “Neftçi” üzərində qazanılan qələbələrə baxmayaraq matça ciddi köklənmişdi. Qazanılan hər xalın komandaya hava və su kimi lazım olduğunu anlayan Roman Qriqorçuk bu matçda uduzmaq niyyətində deyildi.

1100 tamaşaçının izlədiyi matç saat 20:00-da start götürdü. Matça aktiv başlayan “Neftçi” klubu “Qəbələ”nin qapısı qarşısında ilk təhlükəli vəziyyəti 2-ci dəqiqədə yaratdı. İqnasio Herreranın zərbəsini Dmitri Bezotosnı ustalıqla dəf etdi. Matçın 9-cu dəqiqəsində daha bir təhlükəli vəziyyəti isə Ruslan Abışov boşa verdi. Müdafiənin səhvindən sonra topu ələ keçirən Abışov Bezotosnını məyus edə bilmədi. Matçın 19-cu dəqiqəsi isə hakimin səhvi ilə yadda qaldı. Belə ki, baş hakim Elvin Əsgərov “Qəbələ”nin müdafiəçisi Rafael Santosun cərimə meydançası daxilində əllə oynadığı epizodda davam işarəsini verdi.

İlk hissənin ortalarından üstünlüyü ələ alan əyalət təmsilçisi rəqibi qapısına sıxışdırmağı bacardı. Lakin “Qəbələ” bir neçə qol epizodu yaratsa da, bundan yararlana bilmədi. Nəticədə, matçın 39-cu dəqiqəsində qapısında qol gördü. Belə ki, Namiq Ələsgərov baş zərbəsiylə fərqlənərək komandasını hesabda irəli çıxardı.

Görüşün qalan hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, qapılara başqa qol vurulmadı. Bununla da, “Neftçi” cari mövsümdə “Qəbələ” üzərində ilk qələbəsini qazandı. Onu da xatırladaq ki, bu qələbəyədək “Neftçi” sonuncu dəfə “Qəbələ”ni 2015-ci il dekabrın 13-də Premyer Liqanın 16-cı turunda məğlub etmişdi – 0:1. Sözügedən qarşılaşmada vurulan yeganə qolun müəllifi “Neftçi”nin müdafiəçisi Jairo Rodriges olmuşdu.

Bu məğlubiyyətdən sonra aktivində 46 xalı olan “Qəbələ” turnir cədvəlinin 2-ci pilləsinə yuvarlandı. Əyalət təmsilçisinin lider “Qarabağ”la arasında 2 xal fərqi var. “Neftçi” isə xallarının sayını 23-ə yüksəldərək 6-cı pillədəki yerini qorudu.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Heçnəsiz tur (LAYİHƏ)

admin

Yeni mövsüm, yeni ümidlər (LAYİHƏ)

admin

Tapanlar, axtaranlar və qərarsızlar (LAYİHƏ)

admin