Layihə

13-cü tur kim üçün nəhs oldu? (Layihə)

Premyer-liqanın 13-cü turunun oyunlarında maraqlı nəticələr qeydə alındı. Hər şeydən öncə onu qeyd edək ki, 4 oyunda qapılara 9 qol vuruldu. Bunu o qədər də məhsuldar göstərici saymaq olmaz. Bu tur qonaqlar qələbəyə həsrət qaldı. Adətən 13 ədədi nəhs sayılır. Görünür, bu tur ən çox “Qəbələ” bu nəhsin qurbanı oldu. Çünki liderliyi əldən verdi. İndi premyer-liqaya son 3 ilin çempionu “Qarabağ” başçılıq edir.

Klassik derbini gəncəlilər qazandı

Vaxtilə hamı “Neftçi” və “Kəpəz”in oyunlarını böyük həvəslə gözləyirdi. Çünki bu komandalar daim barışmaz rəqib olublar. Bu klublar arasındakı bir çox görüşdə dava-dalaş, qalmaqal düşüb. Təbii ki, bu daha çox 90-cı illərə aiddi. Futbolumuzdakı inqilaba qədər ən çox çempion olan iki komandanın oyunu əsl derbi sayılırdı. Artıq hər iki klub əvvəlki əzəmətindən çox uzaqdı. Buna baxmayaraq bu komandalar arasındakı prinsipiallıq hələ də qalıb. Noyabrın 27-də keçirilən qarşılaşmada bunu bir daha gördük. Meydan sahibləri gözlənilən heyətlə çıxmışdı. Şahin Diniyev sərəncamındakı ən yaxşı futbolçuları ilk dəqiqələrdə oynadırdı. Qonaqların heyətində bir dəyişiklik daha çox diqqəti çəkdi. Bir müddət öncə zəif çıxış etdiyi üçün əvəzedici komandaya göndərilən Jayro bağışlanıb. Açığı, Elxan Abdullayevin braziliyalı müdafiəçini belə tez əfv edəcəyini gözləmirdik. Görünür, baş məşqçi məcburiyyətdən legioneri əsas komandaya qaytarıb. Bəlkə də stopper mövqeyində 2 gənc oyunçunun çıxış etməsinin zərərli olduğunu anlayıb. Ona görə də Rahil Məmmədov Gəncədə meydana çıxmadı. Amma Abdullayevin bu addımı da özünü doğrultmadı. “Neftçi” yenə uduzdu. Orxan Əliyev fərdi ustalığı hesabına fərqləndikdən sonra “Kəpəz” daha bir neçə dəfə qol vurmağa yaxın oldu. Qonaqların ən real qol vəziyyətini Cavid İmamverdiyev qaçırdı. İkinci qoldan sonra sanki “ağ-qaralar” məğlubiyyətlə barışdı. Artıq “Neftçi”nin hesabında 10 məğlubiyyət var. Komanda daha 3 dəfə çempionatda uduzsa, anti-rekorda imza atacaq.

Şüvəlanda növbəti “sülh”

Son vaxtlar yüksəlişdə olan “Sumqayıt”ın Şüvəlanda qələbə qazanacağını gözləyənlər az deyildi. Döyüşkən və sürətli kollektiv formalaşdıran Samir Abasov yenə də AZAL-la bacarmadı. Bu komandaların Sumqayıtdakı oyununda da qalib müəyyənləşməmişdi. Əslində qonaqlar uduzmadıqları üçün Allaha şükr etməlidi. Çünki hesabı 38-ci dəqiqədə “təyyarəçilər” açmışdı. Nuqzar Kvirtiya komandasını önə çıxarmışdı. Uzun müddət Tərlan Əhmədovun komandası üstünlüyünü qorudu. Amma qələbə hesabını sonadək saxlamaq mümkün olmadı. Adan Koronadonun səhvi həm özünə, həm də AZAL-a baha başa gəldi. Belə ki, baş hakim Ramil Diniyev meksikalı futbolçuya 2-ci sarı vərəqə verərək onu meydandan qovmaqla yanaşı, penalti təyin etdi. Ötən mövsümdən fərqli, bu mövsüm o qədər də məhsuldar çıxış etməyən Amil Yunanov adını tabloya yazdırdı. Beləliklə, yenə bu komandaların oyunu heç-heçə başa çatdı. AZAL-ın bu mövsüm ilk qələbəsini qazanmaq arzusu yenə puç oldu.

Qırmızı vərəqə planları pozdu

Səfərdə o qədər də inamlı təsir bağışlayan “Zirə” evində çox yaxşı oynayır. Adil Şükürovun komandasına səfərdə qalib gəlmək hər klubun işi deyil. “İnter” də çətin tapşırığın öhdəsindən gələ bilmədi. Halbuki qonaqlar buna çox yaxın idi. Bu oyunda da Zaur Svanadze qayğılı idi. Çünki Tərlan Quliyev cəzalı olduğu üçün meydana çıxmamışdı. Eyni sözləri Nizami Hacıyev haqqında da deyə bilərik. Kapitanın yoxluğunda ilk “11-lik”də Elnur Abdullayev yer almışdı. İlk hissədə qarşılıqlı hücumlar bir nəticə vermədi. Həm Anar Nəzirov, həm də Səlahət Ağayev qapısını toxunulmaz saxladı. İkinci hissə başlayan kimi “İnter” hücuma atıldı. Təzyiq dərhal faydasını verdi. Ağabala Ramazanovun qapı qarşısına ötürməsini bu yaxınlarda ailə həyatı quracaq Ruslan Abışov güclü zərbəylə tamamladı. Oyuna nəzarət “İnter”in tərəfində idi. Ancaq qırmızı vərəqə planları pozdu. Adrian Skarlatake komandasını pis vəziyyətdə qoydu. Rəqibin azlıqda qalması “Zirə”ni ümidləndirdi. Meydan sahibləri arzularına qarşılaşmaya əlavə olunmuş 3-cü dəqiqədə çatdılar. Tural Cəlilovun ötürməsini Yovan Krneta qola çevirərək komandasını məğlubiyyətdən xilas etdi.

“Qarabağ” “Qəbələ”ni taxtdan saldı

İndi isə keçək turun ən maraqla gözlənilən matçına. Hələ mövsüm başlamamış çempionluq uğrunda mübarizənin “Qarabağ” və “Qəbələ” arasında gedəcəyini hər kəs söyləyirdi. Əslində eyni fikirlər bir il əvvəl də səsləndirilirdi. Ancaq ötən mövsüm proqnozlar tam doğrulmadı. İlk dəfə Avroliqanın qrupunda çıxış edən qəbələlilər iki cəbhədə mübarizə apara bilmədi. Bu səbəbdən bürünc medalı da güclə əldə etdilər. Amma bu dəfə daha təcrübəlidilər. Heyət də nisbətən zənginləşib. Komandada səviyyəli futbolçuların sayı xeyli artıb. Cavid Hüseynovun həbsdən çıxıb, sıraya dönməsi də bir ayrı sevindirici olaydı “Qəbələ” üçün. Roman Qriqorçukun təcrübəsini və məşqçilik bacarığını da bura əlavə etsək, əlavə şərhə ehtiyac qalmır. Təsadüfi deyil ki, bu turadək turnir cədvəlinə “qırmızı-qaralar” başçılıq edirdi. Hər iki komandanın xalları eyni idi. Ancaq şəxsi oyunlarda “Qəbələ” üstün olduğu üçün “Azərsun Arena”ya lider statusunda ayaq basmışdı. Deməli, səfərdə qazanılacaq 1 xal da ukraynalı mütəxəssisin komandası üçün uğurlu sayılacaqdı. Hər iki komanda Avroliqada son oyunda məğlub olmuşdu. Ona görə də psixoloji hazırlıq qaydasında deyildi. Bu görüşə psixoloji sarsıntıdan xilas olmaq ümidiylə baxırdılar.
Qurban Qurbanov bir sıra dəyişikliklərə əl atmışdı. “Slovan”la oyunun “11-liy”i ilə “Qəbələ” ilə oyunun “11-liy”i arasında kifayət qədər fərq var idi. Elvin Yunuszadənin müdafiənin mərkəzində çıxış etməsi, Çexiyadakı matçın anti-qəhrəmanı Arif Daşdəmirovun ehtiyatda qalması daha çox diqqəti cəlb edirdi. Qara Qarayevin yerinə Rahid Əmirquliyev, Dino Ndlovunun əvəzinə Mahir Mədətov, Muarem Muaremin yerinə isə Reynaldo oynayırdı. Qriqorçuk “Anderlext”lə matçda qırmızı vərəqə alan Rəşad Eyyubovun adını heç “18-liy”ə salmamışdı.

İlk dəqiqələrdən komandalar ehtiyatlı futbola üstünlük verir, böyük qüvvəylə irəli atılmağa ehtiyac duymurdu. Daha çox pressinq edən “Qəbələ” idi. Bu isə “Qarabağ”a istədiyi oyunu nümayiş etdirməyə imkan vermirdi. Qonaqların heyətində ən fəal futbolçu Filip Ozobiç idi. Ağdamlılar onun qarşısını almaqda çətinlik çəkirdi. Qarşı tərəfdə Reynaldo effektiv olmasa da, Dani Kintana özünü göstərirdi. İkinci hissədə daha açıq mübarizə getdi. Elvin Yunuszadə və İbrahim Şehiçin səhvindən maksimum istifadə edən Ozobiç Qəbələdəki oyunda olduğu kimi yenə “Qarabağ”ın qapısına yol tapdı. Bundan sonra “Qəbələ” tam qapanaraq əks-hücum taktikasına üstünlük verdi. Qurban Qurbanov Dani Ndlovu, Əfran İsmayılov və Coşqun Diniyevi meydana buraxdı. Maraqlıdı ki, Qriqorçuk heç bir dəyişiklik etmədi. Halbuki ən azı Cavid Hüseynovu meydana buraxmaq lazım idi. Penaltiylə Almeyda hesabı bərabərləşdirdi. Son dəqiqələrdə Riçard qırmızı vərəqə alsa da, qələbə topunu “Qarabağ” vurdu. Ndlovu Ürfan Abbasovu bir hərəkətlə aldadan Əfranın qapı qarşısına paralel ötürməsinə Şehiçdən əvvəl çatdı və… “Qarabağ” yeni liderdi!

Mərdan Həsənov, newsport.az

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43