İdman

13 turda ən kobud hakim səhvləri Layihə

13-cü tura “Qarabağ” – “Qəbələ” oyunundakı hakim səhvləri damğasını vurdu. Rəhim Həsənov və onun “silahdaşları” bu görüşdə nəticəyə təsir edən səhvlərə yol verdi. Ancaq buna qədər də bu mövsüm çoxsaylı hakim səhvləri qeydə alınıb. Bu yazıda həmin nöqsanlardan ən çox yaddaşlarda qalanları diqqətinizə çatdıracağıq.


1-ci tur 
AZAL – Neftçi 0:2


Maraqlıdır ki, elə bu mövsümün ilk kobud səhvləri də Rəhim Həsənovdan gəlib. Şüvəlanda yerli komandanın uduzmasında FİFA referisinin az günahı olmadı. 16-cı dəqiqədə Röyal Nəcəfovun zərbəsi zamanı top qapı xəttini keçsə də, hakim qolu qeydə almadı. Halbuki qapıarxası hakim Ramil Diniyev Rəhim Həsənova xəbərdarlıq etməliydi. Diniyev bu epizodu tuta bilmirsə, o zaman onu qapı arxasına niyə qoymuşdular? Bir qədər sonra Nuqzar Kvirtiya qol vurdu. Ancaq referi daha öncə qapıçıya qarşı kobudluq olduğunu bildirdi. Halbuki gürcü futbolçu təmiz oynamışdı. Jaironu sadəcə itələdiyi üçün Ruslan Nəsirliyə qırmızı vərəqənin verilməsi də ağır qərar idi.
4-cü tur
Kəpəz – Zirə 2:0


Ramil Diniyevin qərarları bu oyunun nəticəsinə aşkar təsir etdi. Diniyev 2 şübhəli penalti epizodunda davam qərarı verdi. 30-cu dəqiqədə Renanın zərbəsindən sonra top cərimə meydançasında Yovan Krnetanın əlinə dəyib kornerə çıxdı. Ancaq hakim nədənsə penalti deyil, künc zərbəsi qərarını verdi. 72-ci dəqiqədə Renan Elvin Məmmədovu yerə sərdi. Ancaq referi yenə penalti təyin etmədi. Bəlkə də gəncəlilərin önündə bu qərarı verməyə cəsarəti çatmadı. 2 dəqiqə sonra Jülien Ebahın ötürməsi zamanı Nicat Qurbanov oyundankənar vəziyyətdə olmasa da, hakim epizodu ofsayd kimi dəyərləndirdi.
5-ci tur
Sumqayıt – Kəpəz 1:1


Yenə Rəhim Həsənov, yenə mübahisəli qərarlar… Serjinyo 56-cı dəqiqədə Fərhad Vəliyevi keçmək istəyərkən yerdə qaldı. Gəncəlilər penalti tələb etsə də, FİFA referisi onların arzusunu gözündə qoydu. Əksinə, o portuqaliyalı futbolçunun simulyasiya etdiyini düşünərək sarı vərəqə göstərdi. İkinci hissədə Renan rəqib futbolçuya qarşı aşkar kobud oynasa da, qarşısında vərəqə görmədi. Görünür, “sarı”sı olduğu üçün Həsənov onu meydandan qovub, gərginliyi artırmaq istəmədi. Halbuki bu doğru yanaşma deyil. Bir epizodda Jülien Ebahın ofsaydda olub-olmaması da müzakirə edilə bilər.
İnter – Neftçi 2:1


Fuad Bayramovla Fəhmin Muradbəylinin cərimə meydançası daxilində mübarizəsinin yekununda “Neftçi”nin futbolçusu yerdə qaldı. Fariz Yusifov “İnter”in qapısına penalti təyin etdi. Bir çox oyunlarda bu sıradan mübarizə sayılır. Buna görə penalti vermək çox ağır olardı. Premyer-liqanın ən təcrübəli hakimi tez-tez fit səsləndirərək oyunun sürətinə xələl gətirirdi.
7-ci tur
Sumqayıt – AZAL 1:1


İnqilab Məmmədov və briqadası “Kapital Bank Arena”da ədaləti lazımınca qoruya bilmədi. Birinci hissədə Kamal Mirzəyevin Ayaz Mehdiyevi yerə sərməsini hakim penalti kimi dəyərləndirmədi. Halbuki hakim nöqtəni göstərməliydi. 9-cu dəqiqədə İlqar Ələkbərov qaydaları pozaraq qol vurdu. AZAL-ın futbolçusu oyundan kənar vəziyyətdə idi.
11-ci tur
Neftçi – İnter 2:1


Rəvan Həmzəzadə və həmkarları sanki “Bakcell Arena”da “İnter”ə qənim kəsilmişdi. Oyundan sonra qonaq komandanın kapitanı Nizami Hacıyevin üsyanını başa düşmək olardı. Çünki demək olar ki, bütün mübahisəli epizodlarda “Neftçi”nin lehinə qərarlar verilirdi. Ən çox narazılıq yaradan məqam penalti oldu. Çünki Zurab Xizanişvili cərimə meydançasından kənarda əllə oynamışdı. Ancaq Həmzəzadəni Rəhim Həsənov “yandırdı”. Qapı arxasında yer alan hakimin tövsiyyəsi ilə Rəvan penalti təyin etdi. 65-ci dəqiqədə Jonas Pesalli Tərlan Quliyevi itələsə də, hakimin fiti susdu. Bundan əsəbləşən müdafiəçi legioner futbolçunu yerə yıxdı. Bu da meydanda bir müddət insident yaşanmasıyla nəticələndi. Maraqlıdır ki, Həmzəzadə bir çox hallarda sarı vərəqələri “İnter”in 3 “sarı”sı olan futbolçularına verərək növbəti turda onları cəzalı duruma salırdı.

12-ci tur
Qəbələ – Zirə 1:0


Ömər Paşayev Qəbələdə ümidləri doğrultmadı. Gənc hakim ilk hissədə Rəşad Sadiqovu meydandan qovmalıydı. Çünki “Qəbələ”nin kapitanı Sezar Meza Kollini arxadan təpiklə vurmuşdu ki, bunun da əsl cəzası qırmızı vərəqədir. Buna qədər onun hesabında sarı vərəqə var idi. Sadiqov 2-ci hissədə də aqressiv idi. Bir epizodda Vüqar Mustafayevi itələsə də, Paşayev təcrübəli futbolçuya 2-ci sarı vərəqəni göstərməyə cəsarət etmədi. Hakim bir dəfə Cavid Tağıyevi də bağışladı. Onun da “sarı”sı var idi. 48-ci dəqiqədə özünü cərimə meydançasında yerə yıxaraq penalti tələb etsə də, simulyasiyaya görə 2-ci sarı vərəqəni almadı. Oyundakı yeganə qol da mübahisə obyektidir. Çünki Cavid Hüseynov qola qədər Tağıyevdən topu qaydalar çərçivəsində almamışdı. Elvin Camalov 68-ci dəqiqədə Nurlan Novruzovu itələsə də, hakim yenə əlini cibinə atmadı. Paşayevin köməkçiləri də səhvlərə yol verdi. 60-cı dəqiqədə Ruslan Qurbanovun ötürməsi zamanı Baqali Dabo oyundankənar vəziyyətdə deyildi

13-cü tur

Qarabağ – Qəbələ 2:1

Cari mövsümün ən uğursuz hakimi olan Rəhim Həsənovun ən kobud səhvləri sonuncu tura təsadüf etdi. Bu komandaların Qəbələdəki oyununda daha çox “Qarabağ”ı sıxışdıran FİFA referisi bu dəfə sanki “Qəbələ”yə qənim kəsilmişdi. Həsənov fasilədən sonra oyunun ipini əldən verdi. Rəhimin “qırmızı-qaralar”ın qapısına təyin etdiyi penalti çox ucuz penalti idi. Adətən, hakimlər bədənin bir başqa yerinə dəydikdən sonra ələ dəyən topa görə penalti təyin etmir. Burda da top “Qəbələ”nin müdafiəçisinin üzünə dəydikdən sonra əlinə çarpmışdı. Ancaq hakim tərəddüd etmədən nöqtəni göstərdi. Nəticədə meydan sahibləri hesabı bərabərləşdirdi. Ancaq səhvlər bununla da yekunlaşmadı. Son dəqiqələrdə qırmızı vərəqə göstərilən Riçard Almeyda soyunub-geyinmə otağına yollanmadı. Buna nə Həsənov, nə də 4-cü hakim Coşqun Həsənov məhəl qoydu. Halbuki meydandan qovulan futbolçu soyunub-geyinmə otağına yollanmamış oyunu davam etdirmək olmaz. Nəticədə Almeyda sonradan qol sevincini qeyd etmək üçün meydana çıxdı ki, bu da qəti yolverilməzdir. Hakimin ən böyük səhvi əlavə vaxtı, daha doğrusu artırılmış dəqiqələrdə itirilmiş vaxtı düzgün hesablamaması oldu. Referi təxminən 2 dəqiqə artıq oyunu davam etdirdi. Bu da “Qarabağ”ın qələbə topunu vurmasına imkan verdi. “Qəbələ” klubunun Rəhimin idarəçiliyindən haqlı narazılığını başa düşmək olar.

Mərdan Həsənov, Newsport.az

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43