Ölkə futbolu

Qış çempionu, “qış yuxusu”ndan ayıl (Yazı)

Hələ dövrənin sonundan “qış yuxusu”na gedən “Neftçi” hələ də ayılmaq bilmir. Azarkeşlərin hər gün sevimli komanlarından transfer xəbəri gözləmələri artıq səbri tükədib.  İsrarla hər fürsətdə hər şeyin qaydasında olduğu kimi görünməyə çalışan klub rəhbərliyi, kübar açıqlamalarla sağa-sola bəzəkli sözlər paylayır. Ancaq ümümi görünüş vəziyyətin heç də qaydasında olmadığı, hətta təhlükəli səviyyəyə çatdığını xəbər verir.

Uzun zamandan sonra ilk dəfə bir çempionluq havası yaxalayan komanda bu gedişlə növbəti hüsranını yaşayacaq. Dövrənin sonunda gələn uğursuz nəticələr əslində bizə gələcəkdəki qara günlərin xəbərçisi idi. Problem ondan ibarətdir ki, klub rəhbərliyi komandadakı bu “boşluğu” görmür və ya görməməzlikdən gəlir. Artıq hər kəs komandanın bu heyətlə çempion ola bilməyəcəyinin fərqindədir. Komandaya minimum 2-3 oyunçunun gərəkdiyi göz qabağındadır. Hələ mövsüm başlayandan müdafiəçi deyib özünü öldürən azarkeşlərin buraxılan qollardan sonra nə qədər haqlı olduğu ortaya çıxdı. Artıq klubda uğursuz idarəetmənin olduğu hiss olunur.

“Neftçi” kimi böyük bir komanda bu klubun pullarını aparmaqdan başqa  heçnə etməmiş iki oyunçunun ümidinə qalmamalıdır. Və üstəlik bunun klub prezidenti tərəfindən bütün hər kəsə çəkinmədən söylənməsi də bir o qədər təəccüblüdür. Nəymiş, Karikari bəylə, Braliç müəllimə təklif gələcək, bəyəfəndilər bu təklifdən məmnunluq duyacaq və sonra da nacizanə fikirlərini bildirib ayrılmaq istəyəcəklər. Daha sonra isə bizim “xalq komandası” transfer edəcək. Bu cür qeyri-peşekar idarəetmə ilə uzun illər həsrəti çəkilən çempionluq gəlməz. “Flaqman” qollar çırmalamalı, çempionluq yarışında əsas rəqibi “Qarabağ”ın etdiyi transferlərə cavab verərək mövsümü ilk yerdə bitirmək arzusunu gərçəkləşdirməlidir.

Futbol kübar insanların bəzəkli sözləri ilə uğur qazanacaqları bir oyun deyil.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43