Layihə

3-cü dövrənin yekunu: Kim necə oynadı? (LAYİHƏ)

Azərbaycan Premyer Liqasında 3-cü dövrəyə yekun vuruldu. Yanvarın 28-də  “İnter” – “Kəpəz” matçı (4:1) ilə start götürən 3-cü dövrənin görüşləri martın 5-i “Neftçi” – “Zirə” oyunu (1:2) ilə başa çatdı. İlk iki dövrədə qapılara 126 qolun vurulduğu halda, 3-cü dövrədə keçirilən 28 matçda qapılardan ümumilikdə 56 dəfə top keçdi. Geridə qalan 2 dövrədən fərqli olaraq, 3-cü dövrənin daha maraqlı və gərgin mübarizə şəraitində keçdiyini desək, yəqin ki, yanılmarıq. 2-ci dövrədən sonra fasiləyə yollanan komandaların bəziləri heyətində ciddi dəyişiklər etmişdi. Bəs, görəsən, bu dəyişikliklər 3-cü dövrədə gözlənilən nəticələri verdimi? Bunun üçün Premyer  Liqada çıxış edən 8 komandanın 3-cü dövrədə keçirdiyi oyunlara nəzər salaq. İlk olaraq turnir cədvəlinin hazırki lideri “Qəbələ”dən başlayaq.

“Qəbələ”

Qış transfer pəncərəsi çərçivəsində heyətini 3 yeni futbolçu (Araz Abdullayev (“Neftçi”), Daniel Subotiç (“Şerif”, Moldova), Rasim Ramaldanov (“Kolxeti”, Gürcüstan)) ilə gücləndirən “Qəbələ” klubunu 3-cü dövrənin ən yaxşısı hesab etmək olar. Komandanın yeni transferlərindən olan Daniel Subotiç də keçirilən qarşılaşmalarda öz sözünü deməyi bacardı. Belə ki, hücumçu komandanın qazandığı xallarda böyük pay sahibi oldu. O, keçirdiyi 6 oyunda 3 qol vurmağı bacardı. Böyük ümidlərlə “Qəbələ”yə transfer edilən Araz Abdullayev isə hələ ki, istədiyi oyunu sərgiləyə bilmir.

“Qəbələ” 3-cü dövrədə keçirdiyi 7 oyunun 4-də qələbə qazandığı halda , 3-də heç-heçəyə razılaşıb. Komanda 3-cü dövrənin ilk oyununda “Sumqayıt”la 1:1 hesablı bərabərlik əldə etdi. Növbəti iki turda “Neftçi” və AZAL-a qalib gələn komanda 18-ci turda “Zirə”ylə oyunun son dəqiqəsində qələbəni əldən verərək 1 xalla kifayətləndi. 19-cu turda isə komanda “Qarabağ”la qarşılaşdı. Çempionluğa oynayan hər iki komanda bu matça böyük önəm verirdi. Bundan əlavə, geridə qalan turlarda hər iki komanda haqqında böyük səs-küy doğuran olayların olması bu matçın gərgin keçəcəyindən xəbər verirdi. Fevralın 19-da keçirilən görüşdə gülən tərəf “Qəbələ” oldu. S.Zenyov və F.Ozobiçin vurduğu qollar sayəsində əyalət təmsilçisi 3 xal qazandı. Bu, xorvatiyalı yarımmüdafiəçinin cari mövsümdə vurduğu 11-ci qolu idi. Bununla da, o, bombardirlik yarışında liderliyini daha da möhkəmləndirdi.  Komanda 20-ci turda yenə xal itirdi. Gəncədə “Kəpəz”lə qarşılaşan “qırmızı-qaralar) 1:1 hesablı bərabərlik əldə etdilər. 3-cü dövrənin son oyununda isə əyalət təmsilçisi “İnter”in qonağı oldu. Maraqla gözlənilən oyun “Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə başa çatdı.

3-cü dövrədə aktivində 4 qələbə 3 heç-heçəsi olan “Qəbələ” klubu bu matçlarda qapısından 4 top buraxdığı halda, rəqibi 11 dəfə məyus etməyi bacarıb.

“Qəbələ”nin 3-cü dövrədə keçirdiyi oyunlar:

XV. “Qəbələ” – “Sumqayıt” 1:1 (Qollar: Vitali Vernidub (59-cu dəqiqə) – Məhəmməd Qurbanov (53))

XVI. “Qəbələ” – “Neftçi” 1:0 (Qol: Daniel Subotiç (77))

XVII. “Qəbələ” – AZAL 2:0 (Qollar: Filip Ozobiç (64; 90+3))

XVIII. “Zirə” – “Qəbələ” 2:2 (Qollar: Viktor İqbekoye (54), Riçard Qadze (90+4) – D.Subotiç (37), F.Ozobiç (88))

XIX. “Qəbələ” – “Qarabağ” 2:0 (Qollar: Sergey Zenyov (30), F.Ozobiç (68))

XX. “Kəpəz” – “Qəbələ” 1:1 (Qollar: Şəhriyar Rəhimov (36) – Renan Alveş (54, öz qapısına))

XXI. “İnter” – “Qəbələ” 0:2 (Qollar: Tellur Mütəllimov (70), D.Subotiç (81))

Qeyd: Rum rəqəmi ilə yazılanlar oyunların keçirildiyi turu göstərir.

“Qarabağ”

Ağdam klubunun qış transfer pəncərəsində ciddi transferlər edəcəyi gözlənilsə də, bu, baş vermədi. Komanda “Neftçi”dən Elşən Abdullayevi və “İnter”dən Ağabala Ramazanovu heyətinə qatdı. “Köhlən atlar” Namiq Ələsgərovu “Neftçi”yə, Reynaldonu isə Türkiyənin “Adanaspor”una satdığı halda, qolkiper Emil Balayevi “Səbail”ə icarəyə göndərdi.

Ağdam klubu fasilədən sonra keçirdiyi 7 oyundan 13 xal qazana bildi. Belə ki, komanda 15-ci turda “Neftçi” ilə 1:1 hesablı heç-heçəyə razılaşdı. 1-ci və 2-ci dövrədə “ağ-qaralar”a qarşı keçirilən matçlarda müvafiq olaraq 3:0 və 2:0 hesablı qələbələr qazanmasına baxmayaraq “Qarabağ” fasilədən sonrakı ilk matçında yenilənmiş “Neftçi” ilə bacarmadı. Xal itkisindən sonra toparlanmağı bacaran ağdamlılar 16-cı turda AZAL-ın qonağı oldu. Böyük söz-söhbətə səbəb olan matç “Qarabağ”ın 1:2 hesablı qələbəsi ilə başa çatdı. Maraqlıdır ki, Ağdam təmsilçisi cari mövsüm AZAL-a qarşı keçirdiyi 3 görüşdə rəqib qapılarına 9 dəfə yol tapdığı halda, “təyyarəçilər” buna bir dəfə cavab verə bilib. Komanda növbəti 17-ci turda “Zirə”yə, 18-ci turda isə “Kəpəz”i məyus edə bildi – 2:0 və 0:1. Onu da qeyd edək ki, cari mövsüm Ağdam təmsilçisinin “Zirə”yə qarşı keçirdiyi hər 3 görüş 2:0 hesabı ilə başa çatıb. Bundan əlavə, artıq 5 oyundur ki, bu komandaların qarşılaşmalarında eyni hesab qeydə alınır. Ümumiyyətlə, “Qarabağ” “Zirə” ilə qarşılaşdığı 7 matçda rəqib qapılarına 14 qol vurub və öz qapısından 1 top buraxıb. Komanda 19-cu turda yuxarıda qeyd etdiyimiz kimi “Qəbələ” ilə qarşılaşdı və 2:0 hesabı ilə məğlub oldu. Komandalar arasında cari mövsümdə keçirilən 3 qarşılaşmanın 2-də “Qəbələ”, 1-də isə “Qarabağ” qalib gələ bilib. “Qəbələ”yə məğlubiyyətin təsirindən ayıla bilməyən ağdamlılara növbəti zərbə “İnter”dən gəldi. 20-ci turda keçirilən görüşdə “bankirlər” “Qarabağ”ı yenə məyus etdi – 0:1. Maraqlıdır ki, cari mövsüm “Qarabağ” ən az xalı məhz “İnter”dən alıb. Belə ki, son çempion cari mövsüm “bankirlər”ə qarşı keçirdiyi 3 oyunun 2-də məğlub, 1-də isə qolsuz bərabərliklə ayrılıb. Ardıcıl iki oyun məğlub olan Ağdam klubu 3-cü dövrənin son oyununda “Sumqayıt”ın qonağı oldu. Qurban Qurbanovun yetirmələri bu matçda 4:0 hesablı qələbə qazanaraq, xallarını 45-ə yüksəltdi.

“Qarabağ”ın 3-cü dövrədə keçirdiyi oyunlar:

XV. “Qarabağ” – “Neftçi” 1:1 (Qollar: Dino Ndlovu (73, penalti) – Cavid İmamverdiyev (13))

XVI. AZAL – “Qarabağ” 1:2 (Qollra: Rəşad Abdullayev (7) – Maksim Medvedev (60), Coşqun Diniyev (63))

XVII. “Qarabağ” – “Zirə” 2:0 (Qollar: Əfran İsmayılov (13), D.Ndlovu (47))

XVIII. “Kəpəz” – “Qarabağ” 0:1 (Qol: Mahir Mədətov (65))

XIX. “Qəbələ” – “Qarabağ” 2:0 (Qollar: Sergey Zenyov (30), F.Ozobiç (68))

XX. “Qarabağ” – “İnter” 0:1 (Qol: Zurab Xizanaşvili (72))

XXI. “Sumqayıt” – “Qarabağ” 0:4 (Qollar: Migel Madera (23), Almeyda (45, pen.), Muarem Muarem (49), Bədavi Hüseynov (60))

“İnter”

UEFA tərəfindən “İnter”ə transfer qadağası qoyulduğu üçün komanda qış fasiləsində heyətinə yeni futbolçular cəlb edə bilmədi. Bununla belə, komanda fasilə zamanı iki aparıcı futbolçusunu itirdi. Belə ki, “bankirlər”in aparıcı futbolçularından olan Ağabala Ramazanov “Qarabağ”a, Ruslan Abışov isə “Neftçi”yə transfer edildi. Bundan əlavə, komandanın sponsoru olan Azərbaycan Beynəlxalq Bankı da klubu maliyyələşdirməkdən imtina etdi. Bu, komandanın mövsüm sonunacan çətin oyunlar keçirəcəyindən xəbər verirdi. Buna baxmayaraq, “bankirlər” 3-cü dövrəyə inamlı başladı. Dövrənin ilk matçında doğma meydanda “Kəpəz”i qəbul edən “bankirlər” 4:1 hesablı qələbə qazandı. Cari mövsüm “Kəpəz”ə yalnız 1 xal verən “bankirlər”in rəqib qapısından 3 oyunda 6 top keçirdiyi halda, 1 dəfə qol buraxıb. Komanda 16-cı turda “Sumqayıt”ın qonağı oldu. Dramatik matç 2:2 hesabı ilə başa çatdı. “Bankirlər” 17-ci turda “Neftçi”yə 3:1 hesabı ilə məğlub olsalar da, 18-ci turda AZAL-dan 3 xal almağı bacardı. 19-cu turda “Zirə”ni qəbul edən “İnter” bu matçdan 1 xalla ayrıldı. Maliyyə çətinliyi yaşayan komanda əzmkarlıqla vuruşaraq 20-ci turda “Qarabağ”ı 1:0 hesabı ilə məğlub etdi. Dövrənin son oyununda isə komanda “Qəbələ”ni qəbul etdi. Gərgin keçən matç “Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşdı.

Komanda bütün çətinliklərə baxmayaraq, 3-cü dövrədə keçirdiyi 7 matçın 3-də meydanı qalib, 2-də məğlub tərk etdi. 2 oyunda isə aktivinə bir xal yazmağı bacardı.

“İnter”in 3-cü dövrədə keçirdiyi oyunlar:

XV. “İnter” – “Kəpəz” 4:1 (Qollar: N.Hacıyev (45+2), F.Bayramov (53), A.Hüseynov (61), R.Əliyev (79) – T.Axundov (39))

XVI. “Sumqayıt” – “İnter” 2:2 (Qollar: M.Abbasov (18, penalti), N.Muxtarov (90+1) – İ.Qırtımov (49), R.Əliyev (90))

XVII. “İnter” – “Neftçi” 1:3 (Qollar: R.Əliyev (35) – L.Seqoviya (13), N.Ələsgərov (17), İ.Herrera (58))

XVIII. AZAL – “İnter” 0:1 (Qol: N.Hacıyev (84))

XIX. “İnter” – “Zirə” 1:1 (Qollar: R.Əliyev (47) – Denis Silva Kruz (40, ö.q))

XX. “Qarabağ” – “İnter” 0:1 (Qol: Z.Xizanişvili (72))

XXI. “İnter” – “Qəbələ”  0:2 (Qollar: T.Mütəllimov (70), D.Subotiç (81))

“Zirə”

3-cü dövrəyə ciddi hazırlaşan komandalardan biri də “Zirə” klubu idi. Qış fasiləsi zamanı heyətdə ciddi dəyişikliklər edən “qartallar” ötən ilki uğurlu çıxışını qaytarmaq niyyətində idi. Baş məşqçi Adil Şükürovla yollarını ayıran “qartallar” Ayxan Abbasovla çempionata davam etməyə başladı. Ayxan Abbasov ona verilən vəzifəni layiqincə icra edir. Belə ki, komanda 3-cü dövrədə keçirdiyi 7 oyunun 4-də qələbə,qazanıb 2-də heç-heçə  edib və bir görüşdə meydanı məğlub tərk edib ki, bu da “Qarabağ”a 2:0 hesablı məğlubiyyət zamanı baş verib. İlk iki dövrədə cəmi 4 qələbə qazanıb, 3 bərabərlik əldə edən komanda artıq toparlanmağa başlayıb. Ayxan Abbasov ötən il itirilən xalları artıq geri qaytarmağa başlayıb.

Komanda 3-cü dövrənin ilk görüşündə AZAL-ı qəbul etdi. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatdı. Növbəti görüşdə “Kəpəz”i qəbul edən “qartallar” Gəncə təmsilçisini də əliboş yola saldı – 1:0. Ayxan Abbasovun yeganə məğlubiyyəti 17-ci turda “Qarabağ”a qarşı keçirilən matçda oldu ki, bu da ciddi müzakirələrə səbəb oldu. “Qarabağ”a məğlubiyyətdən sonra Ayxan Abbasovun yetirmələri ardıcıl iki oyun xal itirdi. Belə ki, “qartallar” “Qəbələ” ilə oyunda 2:2 hesablı, “İnter”lə oyunda isə 1:1 hesablı bərabərlik əldə etdi ki, bunu da yaxşı nəticə adlandırmaq olar. 20-ci turda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edən zirəlilər növbəti turda “Neftçi”ni xalsız qoydu. Gərgin keçən matçın sonunda sevinən tərəf “Zirə” oldu – 1:2.

Bu nəticələrə görə, Ayxan Abbasovun “Zirə”yə yeni nəfəs gətirdiyini də düşünmək olar. Ötən il iddialı çıxış edən komanda bu il də medalçılar sırasına düşmək niyyətindədir. Lakin bunun üçün qarşıdakı oyunlardan maksimum nəticə əldə etmək lazımdır.

“Zirə”nin 3-cü dövrədə keçirdiyi oyunlar:

XV. “Zirə” – AZAL 2:1 (Qollar: Meza Kolli (11; 29) – R.Abdullayev (50))

XVI. “Zirə” – “Kəpəz” 1:0 (Qol: N.Novruzov (37))

XVII. “Qarabağ” – “Zirə” 2:0 (Qollar: Əfran İsmayılov (13), D.Ndlovu (47))

XVIII. “Zirə” – “Qəbələ” 2:2 (Qollar: V.İqbekoye (54), R.Qadze (90+4) – D.Subotiç (37), F.Ozobiç (88))

XIX. “İnter” – “Zirə” 1:1 (Qollar: R.Əliyev (47) – Denis Silva Kruz (40, ö.q))

XX. “Zirə” – “Sumqayıt” 1:0 (Qol: R.Qadze (35))

XXI. “Neftçi” – “Zirə” 1:2 (L.Seqoviya (60) – G.Navalovski (62, ö.q), M.Duriç (79))

“Sumqayıt”

Qış fasiləsi zamanı heyətin bir neçə yeni futbolçu cəlb edən Sumqayıtın eyni adlı komandası 3-cü dövrəyə əvvəlkinə nisbətən yaxşı başlamışdı. İlk 3 oyundan 5 xal götürən komanda turnir cədvəlindəki yerini də yaxşılaşdırmışdı. 15-ci turda “Qəbələ”nin qonağı olan “kimyaçılar” gözlənilmədən Qəbələ səfərindən 1 xalla  döndü. Bundan sonra “İnter”lə matçda da 1:1 hesablı bərabərlik əldə edən komanda 17-ci turda “Kəpəz”ə 3:1 hesabı ilə qalib gəldi. 18-ci turda “Nefçti” ilə qarşılaşan Samir Abasovun yetirmələri son dəqiqələrdə qapısından buraxdığı topla məğlub oldu. Fevralın 19-da AZAL-ı qəbul edən “kimyaçılar” 1:0 hesablı qələbəyə sevindi. Lakin bu sevincin ardı gəlmədi. Belə ki, 20-ci turda “Zirə”yə 1:0 məğlub olan sumqayıtlılar ardınca “Qarabağ” tərəfindən darmadağın edildi 0:4. Bununla da Samir Abasovun komandası 3-cü dövrəyə yekun vurdu.

Komanda 3-cü dövrədə keçirdiyi 7 oyunda rəqibi 7 dəfə məyus etdiyi halda, 10 dəfə öz qapısından top buraxıb.

“Sumqayıt”ın 3-cü dövrədə keçirdiyi oyunlar:

XV. “Qəbələ” – “Sumqayıt” 1:1 (Qollar: Vitali Vernidub (59-cu dəqiqə) – Məhəmməd Qurbanov (53))

XVI. “Sumqayıt” – “İnter” 2:2 (Qollar: M.Abbasov (18, penalti), N.Muxtarov (90+1) – İ.Qırtımov (49), R.Əliyev (90))

XVII. “Sumqayıt” – “Kəpəz” 3:1 (Qollar: S.Çernışev (7), A.Salahlı (28), M.Qurbanov (61) – K.Diniyev (71))

XVIII. “Neftçi” – “Sumqayıt” 1:0 (Qol: H.Barqas (86))

XIX. “Sumqayıt” – AZAL 1:0 (Qol: Y.Nəbiyev (13))

XX. “Zirə” – “Sumqayıt” 1:0 (Qol: R.Qadze (35))

XXI. “Sumqayıt” – “Qarabağ” 0:4 (Qollar: Migel Madera (23), Almeyda (45, pen.), Muarem Muarem (49), Bədavi Hüseynov (60))

“Neftçi”

Mövsümün əvvəllərindən biabırçı nəticələri ilə yadda qalan “Neftçi” klubu qış fasiləsində demək olar ki, heyəti tamamilə dəyişdi. Uğursuzluq zolağından çıxmaq üçün çalışan komanda heyətinə bir sıra yerli və əcnəbi futbolçular cəlb etdi. Autsayderlər sırasında qərarlaşan “ağ-qaralar” mövsüm sonunadək maksimum nəticə əldə edib Avroliqaya vəsiqə qazanmaq niyyətindədir.

İlk 2 dövrədə cəmi 3 qələbə 11 məğlubiyyəti olan komanda qış fasiləsindən sonra özünə gələ bilib. 3-cü dövrəyə yaxşı start verən “ağ-qaralar” 15-ci turda “Qarabağ”la 1:1 hesablı bərabərlik əldə etdi. 16-cı turda çətin “Qəbələ” səfərinə yollanan komanda bu dəfə də əyalət təmsilçisindən xal ala bilmədi. İki güclü rəqiblə oyunu geridə qoyan “ağ-qaralar” 17-ci turda qələbə qazana bildilər. “İnter”lə qarşılaşan “Neftçi” 3:1 hesablı qələbəyə sevindi.  Daha sonra “Sumqayıt”ı qəbul edən komanda bu matçdan da 3 xalla ayrıldı. İki ardıcıl qələbədən sonra “Kəpəz” qarşısına çıxan “ağ-qaralar” bu matçdan qolsuz bərabərliklə ayrıldı. Komanda 20-ci turda AZAL-a qalib gəlməsinə baxmayaraq, 3-cü dövrənin son matçında “Zirə”yə 2:1 hesabı ilə məğlub oldu.

Bununla belə, autsayderlər sırasından çıxmağı bacaran “Neftçi” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

“Neftçi”nin 3-cü dövrədə keçirdiyi oyunlar:

XV. “Qarabağ” – “Neftçi” 1:1 (Qollar: Dino Ndlovu (73, penalti) – Cavid İmamverdiyev (13))

XVI. “Qəbələ” – “Neftçi” 1:0 (Qol: Daniel Subotiç (77))

XVII. “İnter” – “Neftçi” 1:3 (Qollar: R.Əliyev (35) – L.Seqoviya (13), N.Ələsgərov (17), İ.Herrera (58))

XVIII. “Neftçi” – “Sumqayıt” 1:0 (Qol: H.Barqas (86))

XIX. “Neftçi” – “Kəpəz” 0:0

XX. AZAL – “Neftçi” 0:1 (Qol: L.Seqoviya (4))

XXI. “Neftçi” – “Zirə” 1:2 (L.Seqoviya (60) – G.Navalovski (62, ö.q), M.Duriç (79))

“Kəpəz”

Ötən mövsüm Avropa Liqasında mərhələ adlayan Gəncə təmsilçisinin bu il işləri heç də yaxşı getmir. Maliyyə çətinliyi ilə üzləşən komandan qış fasiləsində heyətinə yalnız bir futbolçu əlavə etdi ki, o da I divizionda çıxış edən “Şəmkir” klubunun futbolçusu Sahib Abbasov idi. Mövsüm əvvəllərində ara-sıra qələbə qazanan Gəncə təmsilçis azarkeşləri bununla sevindirirdisə, 3-cü dövrədə qazanılan hər 1 xalı komanda böyük sevinclə qarşılayırdı. Bir müddət öncə komandanın uğursuz çıxışlarına görə azarkeşlər Şahin Diniyevin baş məşqçi postundan getməsini istəyirdilər. Lakin rəhbərlik onun göndərilməyəcəyini bildirdi.

Komanda 3-cü dövrəyə uğursuz start verdi. 15-ci turda “İnter”ə 4:1 hesabı ilə məğlub olan komanda 3 oyun özünə gələ bilmədi. “İnter”dən sonra “Zirə”, “Sumqayıt” və “Qarabağ”a məğlub olan “sarı-göylər” 3-cü dövrədə ilk xalını 19-cu turda “Neftçi” ilə səfər matçında qazandı. 0:0 hesablı bərabərliklə başa çatan matç Gəncə təmsilçisinə 1 xal qazandırdı. Bu heç-heçədən sonra doğma meydanda “Qəbələ” ilə 1:1 oynayan “sarı-göylər” dövrənin son matçında AZAL-la da eyni hesaba razılaşdı. Bununla da 3-cü dövrədə keçirdiyi 7 qarşılaşmadana cəmi 3 xal qazanan əyalət təmsilçisi 7-ci pillədə qərarlaşıb.

“Kəpəz”in 3-cü dövrədə keçirdiyi oyunlar:

XV. “İnter” – “Kəpəz” 4:1 (Qollar: N.Hacıyev (45+2), F.Bayramov (53), A.Hüseynov (61), R.Əliyev (79) – T.Axundov (39))

XVI. “Zirə” – “Kəpəz” 1:0 (Qol: N.Novruzov (37))

XVII. “Sumqayıt” – “Kəpəz” 3:1 (Qollar: S.Çernışev (7), A.Salahlı (28), M.Qurbanov (61) – K.Diniyev (71))

XVIII. “Kəpəz” – “Qarabağ” 0:1 (Qol: Mahir Mədətov (65))

XIX. “Neftçi” – “Kəpəz” 0:0

XX. “Kəpəz” – “Qəbələ” 1:1 (Qollar: Şəhriyar Rəhimov (36) – Renan Alveş (54, öz qapısına))

XXI. “Kəpəz” – AZAL 1:1 (Qollar: Ş.Əliyev (38) – V.Cavadov (90))

AZAL

Premyer Liqada cari mövsüm yalnız bir qələbəsi (“Neftçi” – AZAL: 0:1 – red.) olan AZAL klubu qış fasiləsində heyətinə bir neçə legioner cəlb etdi. Təlim-məşq toplanışını Bakıda keçirən “təyyarəçilər”də də maliyyə durumu yaxşı vəziyyətdə deyil. Mövsüm əvvəlindən uğursuz çıxışları ilə yadda qalan komandada hazırda nəyəsə ümid etmək çox çətindir. Qış transfer pəncərəsi dönəmində komanda heyətinə bir neçə futbolçu qatsa da, bunun “təyyarəçilər”ə köməyi dəymədi. 3-cü dövrədə keçirilən 7 qarşılaşmanın 6-da məğlub olan AZAL yalnız 21-ci turda ”Kəpəz” səfərindən 1 xal qazana bilib.

AZAL-ın 3-cü dövrədə keçirdiyi oyunlar:

XV. “Zirə” – AZAL 2:1 (Qollar: Meza Kolli (11; 29) – R.Abdullayev (50))

XVI. AZAL – “Qarabağ” 1:2 (Qollra: Rəşad Abdullayev (7) – Maksim Medvedev (60), Coşqun Diniyev (63))

XVII. “Qəbələ” – AZAL 2:0 (Qollar: Filip Ozobiç (64; 90+3))

XVIII. AZAL – “İnter” 0:1 (Qol: N.Hacıyev (84))

XIX. “Sumqayıt” – AZAL 1:0 (Qol: Y.Nəbiyev (13))

XX. AZAL – “Neftçi” 0:1 (Qol: L.Seqoviya (4))

XXI. “Kəpəz” – AZAL 1:1 (Qollar: Ş.Əliyev (38) – V.Cavadov (90))

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

İlkin İsmayılzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43