Ölkə futbolu

“3 xal lazımdır ki, Premyer Liqada qalaq” – Tərlan Əhmədov

“İlk qolu tez buraxdığımız üçün komandada bir az ritm pozuldu. Ümumilikdə futbolçuların çıxışından narazılığım yoxdur. Komanda bacardığı qədər mübarizə apardı. İkinci hissədə yaratdığımız epizodda top qapı xəttini keçmişdi. Qol qeydə alınsaydı, fərqli oyun görə bilərdik. “Şamaxı” ilə matçda hiss etmişdim ki, komandam yorğunluq fonunda oynayır, buna görə də geri gedir. Amma bu gün futbolçular sağolsunlar ki, məğlub olmağımıza baxmayaraq baxımlı futbol oynadılar. “Sabah”dan çəkinmirdik, rahat hücumlar qururduq, topa nəzarət etməyə çalışırdıq. Bilirdik ki, rəqibin çempionluq şansı var. Buna görə də mübarizə aparacaqlar. Məni məyus edən Gəncədən gələn fanatların buradan üzücü halda qayıtmasıdır. Qarşıdakı matçlarda bizə heç olmasa, 3 xal lazımdır ki, Premyer Liqada qalaq”.

İdmanxeber.az-ın məlumatına görə, “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov “Sabah” oyunu (3:0) sonrası deyib. O, daha sonra belə davam edib:

Gəncədən Qəbələyə gəlib-qayıdırıq. Daha sonra Gəncədən Şamaxıya, Sumqayıta. Şamaxıda demişdim ki, yol yorğunuyuq. Onda artıq həyəcan təbili çalırdım. Yol yorğunluğundan sonra komandanın istirahəti… Yenə deyəcəklər ki, Tərlan Əhmədov şəraitdən gileylənir. Gəncədə evdə oluruq. İki saat yarıma Qəbələyə gəlib, yenə Gəncəyə qayıdacağıq. Bir həftədən sonra Bakı səfəri var, beş saatlıq yoldur. Gəncədəki atmosferi görə bilmirik. Mən nə qədər yoruluramsa, futbolçular on dəfə artıq yorulurlar. Yol yorğunluğu özünü büruzə verir. Bizim heç bir imkanımız yoxdur. Amma çalışacağıq ki, komandanı Premyer Liqada saxlayaq. Bunun üçün əlimizdən gələni edəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43