Ölkə futbolu

401 gündən sonra seriya qırıldı

Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində evdə AZAL komandasını qəbul edən “Rəvan” rəqibi ilə 0:0 bərabərə qalıb.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, “Bayıl Arena”da qeydə alınan 0:0 hesabının xüsusi özəlliyi var.

Belə ki, komandanın Premyer Liqa matçlarında ilk dəfə AZAL-a qol vura bilmədiyi oyun 1 ildən çox davam edən seriyanın qırılması ilə nəticələndi. Buna qədər “Rəvan” elitada sonuncu dəfə ötən mövsümün əvvəlində qolsuz bərabərliyə razılaşmışdı. 2012/13 mövsümünün 4-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirilmiş oyun 24 avqust 2012-ci il tarixinə təsadüf edir. Başqa sözlə, “Rəvan” Premyer Liqada düz 401 gündən sonra 0:0 oynayıb. Maraqlıdır ki, komanda AZAL klubunun qol seriyasının qırılmasının baiskarı olub. Belə ki, bu oyuna qədər “təyyarəçilər” Topaz Premyer Liqasında ardıcıl 19 oyun meydanı qol vuraraq tərk etmişdi.

Evdə ardıcıl ikinci heç-heçəsinə razılaşan “Rəvan” üçün bu oyunun digər önəmli cəhəti komandanın Azərbaycan çempionatları çərçivəsində 120-ci görüşünü keçirməsi olub. Belə ki, I divizionda 48 matça çıxan “aslanlar” Premyer Liqada 72-ci görüşünü keçirib. Yubiley oyununda 24-cü heç-heçənin qeydə alındığını da qeyd edək. Ümumi balans idə belədir: +53 =24 -43; 174-153. Maraq üçün komandanın Azərbaycan çempionatları çərçivəsində evdə keçirdiyi 60-cı qarşılaşmada 14-cü dəfə “sülh” bağladığını da bildirək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43