Ölkə futbolu

50-ci qolla 50-ci xal

“Rəvan” Topaz Premyer Liqasının 13-cü turunda “Sumqayıt” ilə üz-üzə gəldi. “Bayıl Arena”da keçirilən görüşdə komandalar hərəyə 1 qol vurub, 1 xal qazandı ki, bu da onların turnir cədvəlindəki mövqelərinə təsir etmədi. Qarşılaşma bir sıra maraqlı məqamları ilə yadda qaldı.

Maraqlı məqamlardan biri ondan ibarətdi ki, komandalar Premyer Liqa çərçivəsində görüşdükləri ilk oyundan sonra ilk dəfə “sülh” bağladılar. “Rəvan” həmin o 0:0-dan sonra “Sumqayıt”a qol vurmaq ənənəsini yenə davam etdirsə də, budəfəki 1:1 8 matçlıq seriyanın qırılmasına gətirib çıxardı. Çünki qolsuz bərabərlikdən sonra düz 8 qarşılaşmada heç-heçə qeydə alınmamış, tərəflərdən biri 3 xal qazanmışdı. Bu baxımdan “Rəvan” 6 qələbə ilə rəqibi xeyli üstələyir.

“Sumqayıt”la qarşılaşmadakı nəticə həm də “Rəvan”ın evdəki heç-heçələr seriyasını davam etdirməsi ilə nəticələndi. Artıq “Bayıl” stadionundakı son 5 matçda “sülh” qeydə alınıb. “Sumqayıt”dan öncə “Qarabağ” (1:1), AZAL (0:0), “Xəzər Lənkəran” (1:1) və “Bakı” (0:0) ilə heç-heçə edilmişdi. Maraqlıdı ki, bu oyunlarda 1:1 və 0:0 hesabları növbəliliklə sıralanır. Özü də hesab 1:1 olanda ilk qolu məhz komandamız vurur. Onu da qeyd edək ki, ardıcıl 5 ev heç-heçəsi klub tarixində rekord nəticədi.

Son oyun “Rəvan” üçün çempionatlar çərçivəsində keçirilən 125-ci görüş oldu. Bunlardan 48-i I divizion çərçivəsində baş tutubsa, Premyer Liqanın payına 77 matç düşür. Bu 125 oyunda ümumi balans belədi: +53 =27 -45, 179:160. Göründüyü kimi, “Rəvan” “Sumqayıt”la oyunda çempionatlar çərçivəsində 160-cı qolu buraxdı.

“Sumqayıt”la qarşılaşmada qeydə alınan 1:1-lik bərabərlik “Rəvan” üçün fərqli mənalarda da yubiley oldu. Belə ki, komanda Premyer Liqada 20-ci heç-heçəsinə imza atdı. 77 oyuna bu nəticəyə çatan “aslanlar” həm də elitada ev oyunlarında 50-ci xalını qazandı. Üstəlik, Premyer Liqada doğma divarlar arasında keçirilən görüşlərdə 50-ci qol vuruldu.

Həmin bu yubiley qolunun müəllifi olan Ceyhun Cavadov həm cari mövsüm, həm də ümumilkdə “Rəvan” forması ilə ilk topunu vurdu. Gənc futbolçu Premyer Liqada “Rəvan” forması ilə fərqlənmiş 25-ci oyunçu kimi yadda qaldı. Cari mövsüm bu baxımdan Sebastyan Kastro-Telyo, Kamil Nurəhmədov və Sohib Savankulov “siftə” etmişdi. (klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43