30 Sentyabr 2024
Kateqoriyasız

İdmançımız ermənilərin önünə “Xocalı” yazısı ilə çıxdı!

Azərbaycanı və “Qəbələ”ni MMA döyüşlərində təmsil edən Nəriman Abbasov növbəti qələbəsini qazanıb. 

İdmanxeber.com-un məlumatına görə, təmsilçimiz fevralın 26-da Rusiyanın paytaxtı Moskvada qarışıq döyüş növləri üzrə “Fight Nights Global 44” turniri çərçivəsində qüvvəsini sınayıb. 70,3 kq çəki dərəcəsində çıxış edən döyüşçümüz Qran-Prinin 1/4 final qarşılaşmasında rusiyalı Nikolay Qaponovla üz-üzə gəlib. Abbasov öncədən digər rusiyalı İqor Yeqorovla görüşməli olsa da, sonuncunun zədəsi Rostovun “MMA Triumf” klubunun üzvünü idmançımıza rəqib edib. “Lujniiki”də baş tutan döyüşə fəal başlayan Nəriman orta və yaxın məsafələrdən zərbələri ilə rəqibinə çətin anlar yaşadıb. 3 raund boyu daha fəal olan idmançımız görüşün son saniyələrində də rəqibini teykdaun vəziyyətində saxlayıb. Bunun nəticəsində Nəriman hakimlərin yekdil qərarı ilə qarşılaşmanın qalibi elan olunub. Abbasovun döyüşə və qalibin elan olunması mərasiminə önündə “26.02.1992. Xocalı soyqırımı”, arxasında isə “Xocalı üçün ədalət” yazılanın ingilis dilində əks olunduğu geyimlə çıxması diqqətcəkən və yaddaqalan məqamlardan olub.

Xatırladaq ki, bu döyüş Abbasovun 12-ci sınağı olub. O, bu döyüşlərdə 10-cu qələbəsini qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43