30 Sentyabr 2024
Kateqoriyasız

“Bəzi oyunları çıxmaq şərtilə çox istəkli kollektiv gördüm” – Qurban Qurbanov

“Neçə oyundur ki, azarkeş baxımından kasıblıq idi. Bu gün bizimlə idilər. Onlara stadionda olmaq yaraşır. Futbolçularımı təbrik edirəm. İlin son matçı olmasına baxmayaraq, istək, konsentrasiya çox vacib idi. İlk dəqiqədən sona kimi bunu qoruyub saxlaya bildilər. Futbolçular qələbə qazanmaq üçün hər şey etdilər. Mahmud Qurbanova və komandasına uğurlar arzulayıram”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 18-ci turunda səfərdə “Səbail”i 3:0 hesabı ilə məğlub edilən matçdan sonra keçirilən mətbuat konfransında deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Komandanın qış fasiləsinə kimi çıxışını necə dəyərləndirirsiz?

– Burada bir-bir hamısını söyləmək mənim üçün asan deyil. Gərək geriyə qayıdım, hansısa oyunu düşünüm. Ümumən futbolçularımın yanvar ayından bu günə kimi olan çıxışından tam razı qaldım. Çox möhkəm bir il keçirdilər. Bəzi oyunları çıxmaq şərtilə çox istəkli kollektiv gördüm.

– Komandada yolların ayrılacağı futbolçu olacaq?

– Hələ belə bir düşüncə yoxdur.

– Ramil Şeydayev 2022-ci ildə 65 matçda meydana çıxıb. Ondan bu cür performans gözləyirdiniz?

– Mən gözləyirdim. Çünki, onu inanaraq komandaya götürmüşəm. Ramilin fiziki yükləmələri qəbul edəcək orqanizmi var. Oyun baxımından onda xeyli irəliləyiş var. Ramilə inanırdım. Ona görə də çox oyunlarda onu start heyətdə meydana buraxırdım. Onun performansına ancaq sevinirəm. Dayanmalı deyil. Əksinə, gələn il daha da bacarıqlı və istəkli olmalıdır.

– Konfrans Liqasında rəqibiniz olan “Gent” haqda məlumat toplamağa başlamısız?

– Rəqib haqda məlumatım var. Oyunlarını da izləmişəm. Qarşıda vaxt çoxdur. Ola bilər ki, bizimlə oyuna kimi komandada ümumi dəyişikliklər olsun. Qarşıdakı vaxtlarda “Gent”lə daha yaxından tanış olacağıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43