30 Sentyabr 2024
Kateqoriyasız

“Olanımız budur” – Mahmud Qurbanov

-“Bu il sonuncu rəsmi oyunumuz idi. Rəqib nə qədər güclü olsa da, qələbə qazanmaq istəyirdik. Ən azından heç-heçə etməyə çalışırdıq. Oyuna heç də pis başlamadıq. Birinci hissədə demək olar kiz rəqibə qol epizodları vermədik. İkinci hissədə yorğunluq və rəqib futbolçuların ustalığı məğlub olmağımıza gətirib çıxardı. Futbolçularım əllərindən gələni etdilər. Bu il bizim üçün heç də yaxşı keçmədi. Olanımız budur. Çalışacağıq ki, dəyişikliklər edək. Belə oynaya bilmərik. Qışda normal futbolçu tapmaq çox çətin məsələdir. Amma axraracağıq. Tapa bilsək, komandaya cəlb edəcəyik”

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Mahmud Qurbanov “Qarabağ” məğlubiyyətinin ardından deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Buraxılan qolların hamısında komandanız müdafiədə azlıqda yaxalandı. Bunu yorğunluqla əlaqələndirmək olar?

– Birinci hissədə müdafiədə səhvlər etmədik. İkinci hissədə isə yorğunluq öz sözünü dedi. Bizim ehtiyat qüvvəmiz o qədər deyil ki, hansısa dəyişikliklər edək. Bəzi futbolçuların yorulduğunu biz də görürdük. Birinci qol məncə, mübahisəli idi. İndi baxdığıma görə, orada Ağabala Ramazanovu yıxmışdılar. Ayağına təmas var idi.

– Bu gün sizin qərarınızla heyətə daxil edilməyən futbolçular var. Onlarla yollar ayrılacaq?

– Bəzi futbolçular komandanı tərk edə bilər. Normal oyunçu tapdığımız təqdirdə onlarla yolları ayırmağa çalışacağıq.

– Mediada yazılanlara görə, “Neftçi”dən bir neçə futbolçunu komandaya cəlb etmək istəyirsiz. Bu barədə nə deyə bilərsiz?

– Heç nə deyə bilmərəm. Əlbəttə ki, bizə mərkəz müdafiəçisi və forvard lazımdır. Hələ rəsmi heç nə yoxdur.

– İlk qol zamanı cərimə zərbəsi qeydə alınsaydı, nəticə fərqli ola bilərdi?

– Demək çətindir. “Qarabağ” elə-belədən lider deyil. Çempionata məğlubiyyəsiz davam edirlər. Məşqçi olaraq istəməzdim ki, bu gün məğlub olaq. Amma reallıq budur ki, məğlub olduq. Həmin epizodda cərimə zərbəsi vermək olardı.

– Kubokda “Sabah”ı məğlub edən “Səbail” çempionatda niyə uğursuzdur?

– Maraqlı sualdır. Biz də çalışırıq ki, kubok oyunu ilə çempionat oyununu ayırmayaq. Kubok matçları az olur. Çempionat isə uzundur. Bugünkü yorğunluğun əsas səbəbi bəzi futbolçuların “Sabah”la qarşılaşmada çox güc sərf etməsidir. Məşqçi olaraq zəif yerlərimizi bilirik. Bəzi futbolçular dəvət etdikdən sonra çalışacağıq ki, belə səhvlər buraxmayaq və çempionatda daha yaxşı çıxış edək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43