01 Oktyabr 2024
Ölkə futbolu

“Kəpəz”in adını qaytarmalıyıq, başqa yolumuz yoxdur” – Tərlan Əhmədov

“2022-ci il qalibiyyətlə başa vurmaq istəyirdik. Dramatik oyun alındı. Hər iki komanda uduzmaq istəmirdi. Bu oyunda futbola aid hər şeyi gördük. 100 faizli qol epizodlarımız var idi. Komandama mübarizə üçün təşəkkür edirəm. Baxımlı oyun oynadıq. Futbolun yazılmayan qanunları var. Bunu qəbul etməliyik. Komandamız azlıqda qalan rəqibə qarşı konsentrasiyanı itirir. Arxayınlıq yaranır. Son 12 oyunda irəliləyiş əldə etdik. Kollektiv oyuna daha çox üstünlük verdik. Bəhrəsini gördük”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov deyib. O, Misli Premyer Liqasının 18-ci turunun “Zirə” (2:2) ilə oyunundan sonra mətbuat konfransında danışıb.

– Son dəqiqədə qol buraxanda hansı hissləri keçirdiz?
– Ani hisslər keçirirsən. Əvvəllər çox həyəcan keçirirdim, çox aqressiv olurdum. Amma sonradan yanaşmamı dəyişdim. can mənim canımdır. Bir neçə komandada nəticə verdim, amma sonradan yola salındım. Ani hiss gəldi ki, biz qalib gəlməliydik. Amma qismət belə imiş. Təbii qarşılamaq lazımdır. Çox istəyirdim ki, komandam qalib gəlsin. Sayılmayan qolda keçirdiyim hiss buraxdığımız qolda daha çox idi. Amma irəliyə baxmaq lazımdır. “Kəpəz”in adını qaytarmalıyıq, başqa yolumuz yoxdur.

– Gedəcəklərin adı dəqiqləşib?
– Hamısının adını mətbuat xidməti açıqlayacaq. Yeddi nəfərlik siyahıdır. Yolları açıq olsun. Hamısına uğurlar. İşim komanda qurmaqdı. Bir neçə yerli oyunçu ilə danışıqlar gedir. Ayın 7-dən bizə qoşula bilərlər. İşlərimiz davam edir. Bir aydan çoxdur yerli, cavanları komandaya cəlb etmək istəyirik. Bir neçə əcnəbi var ki, hücumu onlarla gücləndirmək niyyətindəyik.

– Əli Səmədovu komandaya qaytaracaqsız?
– Hələ ki, siyahı tam tərtib olunmayıb. Tək onun yox, bir neçə futbolçunun çıxışını izləmişəm. Mənə daha çox komandaya effekt, xeyir verəcək oyunçular üzərində işləyirəm. İstəyirəm komandada aqressiv və istəkli oyunçular daha çox olsun. Əlinin müsbət keyfiyyətləri var. Amma hələ ki, siyahı tərtib edilməyib. Kimlər gedəcək, kimlər qalacaq…Gələn əcnəbilərlə bağlı suallara aydınlıq gələndən sonra, kimin qalıb, kimin gedəcəyi dəqiqləşəcək. Bəzi futbolçuların gedəcəyinə isə artıq qərar vermişəm.

– Gəncləşdirmə siyasəti apardığını deyirsiz. Bəs Tural Axundov komandada qalacaq?
– Bəli, gəncləşdirmə siyasəti aparırıq. Həmin mövqe üçün bir neçə oyunçu sınaqdan keçiririk. O demək deyil ki, Turalı göndərəcəyik. Komanda üçün ürəyi yanan, arxasınca aparacaq lider futbolçu lazımdır. Onun meydanda olub-olmaması şərt deyil. Hər komandada oynayan məşqçilər olub. Onlar komandanın toparlanmasında böyük önəm kəsb edir. Həmin mövqeyə futbolçu axtarırıq ki, rəqabət olsun. Turalla rəqabət aparacaq ikinci oyunçumuz yoxdur. 2005-ci il təvəllüdlü gəncəli futbolçumuz var. Turalın komandada olması, kollektivin yığımasında önəmi var. Çalışırıq ki, bir yaşlı komandada olsun.

– Göndərmək istədikləriniz komandadan getməsə, yeni oyunçuları necə cəlb edəcəksiz komandaya?
– Təşkilatı məsələlər mən qarışmıram, rəhbərliyə aiddir. Necə yola salınacaq, o məsələlərə mən baxmıram. Komandaya gələndə bir neçə mövqeyə oyunçu transferi lazım olduğunu demişdim. Sabah İlqar Nadiri ilə görüşəcək. Biz də başa düşürük ki, gedənlərdən bəlkə kimsə getməsin. Rəhbərliklə bir olub komandanı gücləndirməliyik. Deyim ki, bu heyətlə uğur qazanacağıq, çətin məsələdir. Yeni nəfəs, yeni futbolçular lazımdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43