21 Sentyabr 2024
Ölkə futbolu

“Oyunun qırılma nöqtəsi penalti epizodu oldu” – Şahin Diniyev

 “Səbail”in baş məşqçisi Şahin Diniyev Msili Premyer Liqasının ilk turunda “Sumqayıt”a 1:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konafransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, o, nəticənin oyuna görə olmadığını bildirib: “İlk hissədə təxminən 38 dəqiqə anlaşma sıfır dərəcəsində idi. Sonradan komanda özünə gəldi. Fasilədən sonra çox yaxşı başladıq oyuna. 10 dəqiqə ərzində bir neçə şansımız olsa da, dəyərləndirə bilmədik. Oyunun qırılma nöqtəsi penalti epizodu oldu. Bu, başlanğıcdır. Heç bir faciə baş verməyib. Bu gün üçün pis günümüzdür. Düşünürəm ki, komandanın potensialı var və gələcəkdə uğur qazanacağıq. Hesab bu gün oyuna görə deyildi”.

Mütəxəssis hakimlərin idarəçiliyi barədə də danışıb: “Hakim də səhv edir, biz də səhv edirik. Sadəcə rəqib oyunu çox gecikdirir. Bəzi narazı qaldığım epizodlar vardı. Amma demirəm ki, hakim bizi uduzdurdu. Böyük iradım yoxdu”.

Diniyev komandasının müdafiədə səhvlərə yol verməsinə də toxunub: “Səhvlər var idi. Belə oyunlardan sonra mütləq dəyişikliklər olmalıdır. Bunlar da baş verəcək. Buraxdığımız 3 qolda müdafiəni itirmişdik. Komanda demək olar ki, irəli atılmışdı. Buna görə də arxa xətdə boşluqlar verirdik. Lakin yenə deyirəm, böyük faciə baş verməyib. Bu gün üçün uduzmuşuq. İddiamızı davam etdiririk. Futbolçularımın arxasındayam, məsuliyyəti üzərimə götürürəm. Günahı hansısa futbolçunun üzərinə atmaq istəməzdim. Bu, zəiflik əlaməti olar”.

“Səbail”in çalışdırıcısı erkən əvəzetmə etməməsinin səbəbini belə izah edib: “Hücumda komanda yaxşı təsir bağışlayırdı. Xeylin şanslarımız oldu. Rəqib qapıçının da oyununu qeyd etmək olar. Ona görə dəyişikliyə ehtiyac görmürdük. 1:3-dən sonra müdafiəçini müdafiəçi ilə dəyişmək ciddi əhəmiyyət kəsb etməyəcəkdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43