21 Sentyabr 2024
Ölkə futbolu

“Komandada bir qədər həyəcan var idi” – Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının ilk turunda “Səbail”i 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis azarkeşləri startda sevindirə bildikləri üçün şad olduğunu qeyd edib:

“Oyuna yaxşı başladıq. Nəzarət bizim tərəfimizdə idi. Lakin sonradan komandada bir qədər həyəcan var idi. Komanda üzərinə düşən işin öhdəsindən layiqincə gəldi. İlk oyun idi, azarkeşlərimizi sevindirdiyimiz üçün şadıq”.

Dünən “Sumqayıt”ın komanda üzvləri şam yeməyində bir araya gəlmişdilər. Samir Abbasov “Bəlkə bu məqam komandaya düşərli oldu” sualını belə cavablandırıb:

“Ola bilər ki, bu məqamın köməyi oldu. Lakin bu gün həqiqətən çətin şərtlər altında oynadıq. Çünki bəzi futbolçular komandaya gec qoşulub. Belədə bəzi futbolçular tez yorulur və onların əvəzinə digərləri qaçmalı olurlar”.

O, Səbuhi Abdullazadənin çıxışını belə dəyərləndirib: “Birinci hissədə daha qətiyyətli olmağını istəyirdim. Bəzi məqamlarda axsayırdı. Buna görə də ona matçın gedişində lazımi tapşırıqları verirdik. Amma istənilən halda Səbuhi ən yaxşılardan biri idi”.

“Sumqayıt”ın çalışdırıcısı penalti epizodunu belə şərh edib: “VAR-a baxılır, hakimin qərarına müdaxilə edilir. Biz nəyisə öz xeyrimizə görə bilərik. Hakim qərar qəbul etdisə, deməli, penalti idi”.

Mütəxəssis komandasının cari mövsümdəki hədəfləri barədə deyib: “Bacardığımız qədər yuxarı pillələr üçün oynayacağıq. Bu il bizim kimi komandalar üçün çox çətin keçəcək. 3 komanda çempionluğa oynayırsa, deməli, ilk üçlük məlumdu və dördüncü yeri tutmaq çox çətindir”.

“Sumqayıt”ın çalışdırıcısı hücumçu Erik Sorqanın çıxışından razı qaldığını söyləyib: “Sorqa xoş təəssürat bağışladı. Mübarizə əzmi göstərdi. Penalti epizodunda da topu götürdü və bu kimi hallarda qərar dəyişmək risklidi. Hələ ki daimi penalti vuranla bağlı qərar qəbul etməmişdik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43