19 Sentyabr 2024
Ölkə futbolu

“Arzum “Neftçi”nin qapısını qorumaqdır” – millimizin sabiq üzvü

Azərbaycan II Liqada ilk dövrəyə yekun vurulub. 14 turun ardından “Baku Sportinq” klubu turnir cədvəlində ilk pillədədir. Bakı təmsilçisi ikinci sırada qərarlaşan “Şahdağ Qusar” kollektivindən 7 xalla öndə olmaqla çempionluğun əsas namizədidir.

Klub II Liqada qızıl medallara yiyələnərək növbəti mövsümdən I Liqada çıxış etmək niyyətindədir. Kifayət qədər təcrübəli oyunçulardan yığılan komandada çıxışı ilə diqqət çəkən oyunçular da var.

Bunlardan biri komandanın qapıçısı Cəfər Əlizadədir. Vaxtı ilə U-15 və U-16 millimizdə də çıxış edən oyunçu ölkə kubokunda “Kəpəz”ə qarşı görüşdə kifayət qədər yaxşı təsir bağışlamışdı. Əlizadə komandasının məğlubiyyətinə rəğmən, bir neçə qurtarışla diqqətləri üzərinə çəkdi.

Bu səbəbdən də həm klubun qarşıdakı hədəfləri, həm də oyunçunun gələcək karyerası ilə bağlı 26 yaşlı qapıçının fikirlərini öyrəndik. O, İdmanxeber.az saytına bunları dedi:

“Məqsədimiz çempion olmaqdır. Rəhbərlik bunun üçün bizə hər şəraiti yaradıb. Əsas fikrimiz budur. Yaxşı heyətimiz, təcrübəli baş məşqçimiz var. Hədəfimizə çatacağımıza inanıram.

Vaxtı ilə millimizin də qapısını qorumuşam. Əlbəttə, böyük hədəflərim var. Premyer Liqanı izləyirəm. Sevindiricidir ki, Yusif İmanov, Rza Cəfərov kimi gənc qapıçılara şans verilir. Mənə də Premyer Liqada çıxış etmək istəyirəm. Şans verilsə, öhdəsindən gələrəm. “Neftçi”nin yetirməsi olmuşam. Ən böyük arzum bu klubun qapısını qorumaqdır”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43