20 Sentyabr 2024
Ölkə futbolu

“Ordumuzun adına layiq oyun göstərdik” – MOİK-in futbolçusu

“Qarabağ”ın gücü hamıya bəllidir, buna baxmayaraq asan təslim olmadıq. Ordumuzun adına layiq oyun göstərdik. Rəqibə qarşı yaxşı mübarizə apardıq. Görüşün Xankəndidə keçməsi bizim üçün çox önəmli hadisə idi. Bunları sözlərlə ifadə etmək mümkün deyil. Orada çıxış etmək yuxu kimi idi”.

Bu sözləri İdmanxeber.az saytına MOİK klubunun qapıçısı Zeynal Əhmədzadə Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirdikləri “Qarabağ” görüşü (0:1) barədə danışarkən deyib. Ağdam təmsilçisinə qarşı çıxışı ilə diqqət çəkən 22 yaşlı qolkiper daha sonra belə davam edib:

“Bütün oyunlara necə hazırlaşırdımsa, bu görüşə də eyni yanaşmışdım. Bilirdim ki, özümü göstərmək üçün yaxşı fürsətdir. Ona görə də bacardığım qədər yaxşı oynamağa çalışdım. Bir neçə epizodda komandamı qoldan xilas etsəm də, sonda buna mane ola bilmədim. Açığı, bəhanə etmək niyyətində deyiləm. Amma Nəriman Axundzadənin zərbəsi zamanı gözümə gün düşdüyü üçün topa gec reaksiya verdim”.

Əhmədzadə cari mövsüm MOİK-in və özünün gələcək hədəflərindən də söz açıb:

“Hədəfimiz I Liqada çempionluqdur. Premyer Liqada mübarizə aparmaq istəyirik. Özümün də əsas çempionatda çıxış etmək məqsədim var. Yaxşı mövsüm keçirirəm. Bu oyunda bütün ölkənin diqqəti bizdə olduğu üçün daha çox gözə çarpdım. Bu görüşdən öncə də Premyer Liqa klublarından təklif gözləyirdim. Çətinlik çəkmədən əsas çempionatda oynaya bilərəm”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43