21 Sentyabr 2024
Ölkə futbolu

Diniyev yüksəlişdə, Şahruddin üçün yeni şans – (II HİSSƏ)

Legioner həyatı yaşayan azərbaycanlı futbolçularımız çıxış etdikləri klublarında qeyri-stabil performansı ilə diqqət çəkir. Başa vurduğumuz 2023-cü il bir çox oyunçularımız ya əsas heyətdən kənarda qaldı, ya da onlara tanınan şansı boşa verməkdədi. Təbii ki, onların içində sərgilədiyi futbol, ortaya qoyduğu məhsuldarlıqla seçilən futbolçular da var.

Ozan Can Kökçü

Karyerasını Niderlandda davam etdirən azərbaycanlı futbolçunun performansı pis təsir bağışlamır. “Eyndhoven” klubunun əvəzedici heyətində çıxış edən Ozan ötən il çıxdığı 20 oyunda 7 qol vurub, 2 assit edib. 25 yaşlı futbolçu bu görüşlərdə sarı və ya qırmızı vərəqə almayıb. Millimizin də şərəfini qoruyan Kökçü son vaxtlar yığmada forma şansı qazana bilmir.

Şahruddin Məhəmmədəliyev

Ötən ilin sentyabr ayında “Qarabağ”dan “Adana Dəmirspor”a transfer olunan millimizin üzvü hələ də komandanın əsas qapıçısına çevrilə bilməyib. Məhəmmədliyev Adana klubu ilə cəmi 5 oyunda iştirak edib və 11 qol buraxıb. 29 yaşlı qolkiper ölkə çempionatında “Qalatasaray”la görüşdə yaxşı performans sərgiləyərək diqqətləri üzərinə çəkmişdi. “Qarabağ”dakı çıxışı böyük müzakirələrə səbəb olan yığma üzvünün Türkiyə Super Liqasında ikinci dövrəni necə keçirəcəyi maraqla gözlənilir. Klubun bu yaxınlarda heyətin digər qapıçısı Ertaç Özbillə yollarını ayırması azərbaycanlı oyunçu üçün daha bir şans yaradıb.

Bəxtiyar Həsənalızadə

Yayda “Sabah”dan Türkiyə I Liqa təmsilçisi “Tuzlaspor”a transfer olunan Bəxtiyar Həsənalızadə yavaş-yavaş heyətin əsas üzvünə çevrilir. O, geridə qalan 17 oyunun 13-də forma geyinməyi bacarıb. Azərbaycanlı müdafiəçi son görüşlərdə komandanın əsas heyət üzvü olub və sona qədər meydanda qalıb. Həsənalızadənin aktivində 1 qol var. Türkiyəyə yollandıqdan sonra milliyə çağrılmayan müdafiəçinin yenidən yığmaya dəvət alıb-almayacağını zaman göstərəcək. 

Coşqun Diniyev

Türkiyə I Liqasında çıxış edən ikinci azərbaycanlı futbolçu Coqun Diniyevin isə performansında yüksəliş var. Yayda “Zirə”dən atası Şahin Diniyevin çalışdırdığı “Səbail”ə transfer olunan millimizin futbolçusu Türkiyə klubundan təklif gələn kimi ölkəxaricinə üz tutdu. “Ümraniyəspor”da çıxış edən Diniyev heyətin əsas futbolçularından biridir. O, komandası ilə 17 oyunun 16-da meydanda olub. Coşqun “Ümraniyəspor”la Türkiyə kubokunda da 2 görüş keçirib. 28 yaşlı futbolçunun aktivində 3 qol var. O, Türkiyədə 4 dəfə sarı vərəqə ilə cəzalanıb. 

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43