19 Sentyabr 2024
Ölkə futbolu

“Avropada 8-10 saniyəyə baxıb verilən qərar bizdə 3-4 dəqiqə çəkir”

“Turan Tovuz”un futbolçusu Ayxan Qüseynov “Kəpəz” oyunu (1:2) sonrası İdmanxeber.az saytına müsahibə verib

“Kəpəz”lə oyunda hesabda önə keçsəniz də, məğlub oldunuz. Görüşü necə şərh edirsən?

Oyuna çox yaxşı başladıq. Hiss edirdik ki, yaxşı formadayıq. Təlim-məşq toplanışımız da yüksək səviyyədə keçmişdi. İlk qolu da biz vurduq, ancaq sonra gördüyümüz qırmızı vərəqə hər şeyi pozdu. Fərdi səhvlərimiz sonda bu nəticəyə gətirib çıxardı. Belə oyunda o cür səhvlər etmək olmaz. Heç rəqibin yüz faizlik epizodları yox idi, ancaq bizim səhvlərdən yararlandılar.

Azlıqda qaldıqdan sonra sanki tamamən müdafiəyə çəkildiniz…

Oyunun əvvəlindən “qırmızı” almaq bizi şoka saldı. Topu 10-15 dəqiqə özümüzdə saxlaya bilsəydik, daha yaxşı olardı. Ancaq biz bunu bacarmadıq. Məşqçimiz də bunu deyirdi. “Qırmızı”dan sonra dərhal qol buraxdıq. İstər-istəməz taktikanı dəyişməyə məcbur qalırsınız. Azlıqda qalsaq da, topu bir az özümüzdə saxlamalı idik. İlk hissənin son 10-15 dəqiqəsində özümüzə gəlmişdik. İkinci yarı isə yenə eyni səhvləri etməyə başladıq və nəticədə məğlub olduq.

Hakimliklə bağlı nə düşünürsən? “Turan-Tovuz”un mövsümün əvvəlindən hakimlərlə bağlı ciddi narazılığı var.

Bu barədə danışmağı sevmirəm. Ancaq VAR-da çox vaxt itirirlər. Maraqlıdır, bu qədər nəyi müzakirə edirlər? İstər qırmızı vərəqə, istərsə də penalti epizodlarında dəqiqələrlə vaxt gedir. Avropada 8-10 saniyəyə baxıb verilən qərar bizdə 3-4 dəqiqə çəkir. Digər məsələlərlə bağlı çox danışmaq istəmirəm.

– Qırmızı vərəqə barədə nə düşünürsən? Doğru qərar idi?

Açığı, epizodu hələ izləməmişəm. Ancaq hakim VAR-a baxanda kənardan bir az gördüm. Kimisi deyir zərbə yox idi, sürtmə var idi və ya müdaxilə o qədər sərt deyildi. Amma dəqiq bir şey deyə bilməyəcəm.

– “Kəpəz”lə “Qəbələ” Premyer Liqada qalmaq üçün mübarizə aparır. Aşağı sıralara yaxınlaşmaq üzərinizdə təzyiq yaradır?

Yox, deməzdim. Sadəcə bu il çempionat çox maraqlı gedir. 1-2 qələbəylə yenidən yuxarı pillələrə qalxa bilərik. Belə baxanda, 3-cü yerlə 7-ci yer arasında elə də ciddi fərq yoxdu. “Səbail”lə görüşdə qalib gəlmək üçün əlimizdən gələn hər şeyi edəcəyik. 

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43