19 Sentyabr 2024
Ölkə futbolu

“Azərbaycanda ikinci sıra ilə sonuncu yer arasında ciddi fərq yoxdur” – ispaniyalı futbolçu

“Turan Tovuz”un ispaniyalı legioneri Serrano Alexandro İdmanxeber.az saytına müsahibə verib.

– “Səbail”ə qarşı inamlı qələbə qazandınız. Oyun sizin üçün necə keçdi?

Bütün görüşlər çətin keçir. Matçda ilk qolu biz vurduq, bundan sonra rəqibə şans vermədik. Daha sonra ikinci qolla fərqi artıra bildik. “Səbail” səhvimizdən bir qol vursa da, dərhal 3-cü topu vuraraq qələbə qazana bildik. Bizim üçün vacib qələbə idi. Azarkeşlərimiz önündə qalib gəlmək çox vacibdir.

– Ötən turdakı “Kəpəz” məğlubiyyətindən sonra komanda aşağı pillələrə yaxınlaşmışdı. Bunun təzyiqi var idi komandada?

– Açığı, hansısa təzyiqin olduğunu deməzdim. “Kəpəz” oyununa da biz yaxşı başlamışdıq, hesabda önə keçmişdik. Azlıqda qaldıqdan sonra isə oyunun seyiri dəyişdi. 10 nəfərlə mübarizə aparmaq çətin olur. Bu səbəbdən də çıxışımızda eniş oldu. Ancaq vacib olan toparlanıb “Səbail”i məğlub etmək idi. Onu da bacardıq. Azarkeşləri sevindirmək hər zaman xoşdur.

– “Kəpəz”lə və digər oyunlarda hakimliklə bağlı klubun narazılığı var. Hakim qərarları nəticəyə çox təsir edir?

Bəli, 3-4 oyunda bizim əleyhimizə səhvlər olub. Buna görə çox xallar itirdik. Ancaq bunlar artıq gerdiə qalıb. Qarşıdakı oyunlara baxmalıyıq.

– Hədəf Premyer Liqada qalmaqdır, yoxsa daha irəli getmək?

Çempionatda yalnız “Qarabağ”ı ayrı yerə qoya bilərik. Onların səviyyəsi çox yüksəkdir. Ancaq geridə qalan digər klublarla oynamaq olar. İkinci sıra ilə sonuncu yer arasında o qədər də ciddi fərq yoxdur. Aşağı-yuxarı eyni səviyyəli rəqiblərdir. Onlara qarşı yaxşı nəticə göstərib avrokuboklara qatıla bilərik. Bizim zədələrlə bağlı problemlərimiz çox olur. Fasilədən sonra heyətə yeni oyunçular da cəlb edilib. Komandanın gücləndiyini demək olar. Gələn futbolçular bizə köməklik edəcəklər. Məncə, daha irəli getmək olar.

– Sizin ölkə ilə bizim futbol arasında çox fərq var. Maraqlıdır, İspaniyadan Azərbaycan futbolu ilə bağlı səndən nəsə soruşurlar? 

Əlbəttə, maraqlanırlar. Davamlı əlaqə saxlayırlar. Hər zaman deyirəm ki, çox çətin çempionatdır. Bütün komandalar eyni səviyyədədir. Azərbaycanda stadionlar yaxşıdır, komandalar döyüşkəndir. Burada oynamaq asan deyil. Meydanda çətinlik çəkirsən. Rəqiblər davamlı press edirlər, üzərinə gəlirlər. Topu alan kimi dərhal qərar verməlisən. Mütləq sürətli və cəld oynamalısan.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43