20 Sentyabr 2024
Ölkə futbolu

“Qəbələ”nin Premyer Liqadan düşməsi futbolumuza böyük zərbə olar”

“Kəpəz”lə aramızda 5 xal fərq var. Qarşıda çoxlu oyunlar gözləyir bizi. 5 xal bağlanmaycaq qədər ciddi fərq deyil. Bizim üçün artıq hər matç finaldı. “Kəpəz” psixoloji üstünlük əldə etsə də, biz də pis durumda deyilik. Sona qədər vuruşacağıq”.

Bu sözləri İdmanxeber.az saytına “Qəbələ”nin futbolçusu İlkin Qırtımov komandasının sonuncu sırada qərarlaşmasına münasibət bildirərkən deyib. Təcrübəli oyunçu daha sonra belə davam edib:

“Qəbələ”nin Premyer Liqadan düşməsi futbolumuza böyük zərbə olar. Komanda olaraq bunun fərqindəyik. Əlimizdən gələn hər şeyi edəcəyik. Komandanın liqadan getməsinə izn verə bilmərik. Bu, hamımız üçün çix pis olar. “Qəbələ” bu yerlərə layiq klub deyil. Biz hər zaman yuxarılara, daha böyük hədəflər üçün oynamışıq. Bu gün vəziyyət belə alınıb. Düzəltmək isə öz əlimizdədir. Bizi qarşıda “Turan Tovuz”la çətin oyun gözləyir. Qələbədən başqa yolumuz yoxdur”.

33 yaşlı müdafiəçi heyət səviyyəsi barədə də danışıb. O, komandanın zəif olmadığını bildirib:

“Bizim ən böyük problemimiz mövsümün əvvəlində bir çox oyunçunun komandadan ayrılması oldu. Yeni yığılan heyətin uyğunlaşması üçün vaxta ehtiyac var idi. Bu prosses də uzun oldu. İndi bunları düşünmək vaxtı deyil. Yenə də pis heyətimiz yoxdur. Çempionatda elə komandalar var ki, baxımlı oynamasa da, qol vura bilir, xal qazanır. Bizdə isə əksidir. İmkanlardan yararlana bilmirik. Çətinliyimiz budur. Bundan sonra bu durumu düzəltməliyik”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43