20 Sentyabr 2024
İdman

“Bu yarış üçün fiziki hazırlıq üzərində çox işlədik” – millimizin məşqçisi

“Bu yarış üçün fiziki hazırlıq üzərində çox işlədik. Bu da oyunlarda öz təsirini göstərir”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri 3×3 basketbol üzrə Azərbaycan millisinin baş məşqçisi Raşa Deliç Dünya Qadın Seriyasının Qəbələ mərhələsi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis yığmanın heyətində zədəli basketbolçuların olmasının komandaya çətinlik törətdiyini bildirib: “Turnirdə zədəli basketbolçumuz var idi. Dina Ulyanova zədələndikdən sonra vəziyyət daha da qəlizləşdi. Açığı, bu turnirin “Paris-2024″ Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıdığını demək olmaz. Gələn həftə Priştinada Avropa Kuboku keçiriləcək. Sonra bizi daha bir qadın seriyası gözləyir. Ardınca Serbiyanın Novi Sad şəhərində təlim-məşq prosesində iştirak edəcəyik. Bununla da Parisə hazırlıqlarımız başlayacaq”.

O, zədəli oyunçuların vəziyyətindən də bəhs edib: “Aleksandranın zədəsi ciddi deyil. Biz, sadəcə olaraq risk etmək istəmədik. Dinaya gəlincə isə vəziyyətin nə yerdə olduğunu dəqiq bilmirəm. Ümid edirəm ki, zədəsi ciddi deyil. Sadəcə, ayağı burxulub. Bir neçə günə sağalacağını düşünürəm”.

Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə iyunun 3-də yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43