21 Sentyabr 2024
Ölkə futbolu

“Şahin Diniyevə inananlara hörmət eləmirəm” – Zaur Ramazanov

“Heç kimi Ağabala Ramazanovun komandadan göndəriləcəyini düşünməzdi. Amma Şahin Diniyevdən nə desən gözləmək olar. O, ciddi zədə almışdı. Şans verilməli, bərpa olunmalı idi. Kimisə şikəst edib yola salmaq nə dərəcə düzgündür? Mənə veteran futbolçular zəng edirlər ki, Diniyevin hərəkəti səhvdi. Bu, insanlığı yaraşan iş deyil. Ağabala zədəni bu komandada alıb. O, “Səbail”in kapitanıdı. Belə çıxır ki, sabah kim komandada zədələnsə, Şahin ona arxasına çevirəcək. Şəxsən mən Diniyevə inananlara hörmət eləmirəm”.

Bu sözləri İdmanxeber.az saytına “Səbail”dən ayrılan Ağabala Ramazanovun qardaşı Zaur Ramazov futbolçunun göndərilməsinə münasibət bildirərkən deyib. Millimizin sabiq üzvü daha sonra belə davam edib:

“Mən “Səbail” rəhbərliyini yaxşı tanıyıram. Onlarla işləmişəm, necə insan olduqlarına yaxşı bələdəm. Rəhbərlik dəstək olmasaydı, birinci gündən etməzdi. Müalicədən tutmuş hər şeyi üzərlərinə götürüblər. Bu, Şahin Diniyevlik məsələdi. Hətta Ağabalanın müqaviləsi olmasaydı, ötən ildən onu komandadan uzaqlaşdırardı. İndi qərarına 50 min don geydirsə də, xeyri yoxdur. Bu qərar insanlığa sığmır. Bunu hər kəs yaxşı bilir. Diniyev düzgün hərəkət eləmədi”. 

Ramazanov qardaşı ilə təcrübəli mütəxəssis arasında danışıq olmadığını bildirib:

“Mən tanıdığım Şahin kimləsə danışanda gözünün içinə baxmır. Gah divara baxır, gah göyə baxır. Deyəsən, klubun rəhbəri Firuz Abdulla Ağabala ilə danışıb. Amma Şahin heç nə deməyib. Əslində, qardaşım özü bu qərarı gözləyirdi. Bir-iki dəfə də mənə demişdi ki, belə bir şey ola bilər. Ancaq heç vaxt inanmazdım. Bu gün hamının qardaşı futbolçu ola bilər. Hər kəsin başına belə bir iş gələ bilər. Mən yenə də danışaram. Necə ola bilər ki, burada zədələnən, həyati təhlükəsi olan birinə qarşı belə davranırsan? Ağabalanın hələ də bir qulağı zəif eşidir. Şahinə söz tapmaq olur. Bu necə insandı, bilmirəm? Rəşad Sadıqova baxın. “Zirə”də bir braziliyalı futbolçu var idi. Neçə dəfə zədəli olsa da, Rəşad onun müqaviləsini artırdı, ona inandı. Çıxartmadı komandadan, gözlədi. Belə şeylər xarakter məsələsidi”.

O, Ağabalanın karyerasını davam etdirəcəyini də sözlərinə əlavə edib:

“Qardaşıma təklif olub-olmadığını hələ bilmirəm. Özü ilə danışmamışam. Ancaq dünyanın sonu deyil. Qardaşım futbol oynamağa davam edəcək. Biz idmançı ailəsiyik. Bizim qarşımızı Şahin kimilər ala bilməz. Mənim bacımoğlu, qardaşımoğlu da hamısı yaxşı formadadır. Biz davam edəcəyik, Şahin kənardan baxacaq”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43