20 Sentyabr 2024
Ölkə futbolu

Sərxan Hacıyev: “Yaxın zamanda baş məşqçi ilə bağlı açıqlama veriləcək”

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev müsahibə verib. 

– Millinin təlim-məşq toplanışını necə dəyərləndirirsiniz?

– Məlum olduğu kimi hələ milliyə baş məşqçi təyin olunmayıb. Buna baxmayaraq, biz AFFA olaraq millinin məşq prosesini davam etdiririk. İyunun əvvəlində iki oyun tarixi var idi. Albaniya və Qazaxıstan milli komandaları ilə danışıqlar apardıq və iki yoldaşlıq oyununun keçirilməsi ilə bağlı razılaşdıq. Milli komandaya növbəti rəsmi oyunlara hazırlaşmaq üçün lazımi şərait yaratmaq üçün çalışdıq. Albaniyaya qarşı matçda komandamız yaxşı təsir bağışladı. Tablodakı hesab meydandakı oyuna uyğun deyildi. Əlbəttə ki, yadda qalan nəticədir. Amma gənc futbolçular özlərini yaxşı tərəfdən göstərdi. Hazırlıq prosesi yaxşı səviyyədə davam edir. Növbəti yoldaşlıq oyunu bu gün Qazaxıstan millisinə qarşı olacaq. Futbolçularımız yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcək. Lakin bu, yoldaşlıq oyunudur. Hər birimiz anlayırıq ki, burada əsas olan nəticə yox, hazırlıqdır.

– Yeni baş məşqçinin qarşısına hansı tələb qoyulacaq?

– Bir neçə gün öncə AFFA İcraiyyə Komitəsinin iclası keçirildi. Orada baş məşqçi məsələsi müzakirə olundu. Yaxın zamanda baş məşqçi ilə bağlı açıqlama veriləcək. Açıqlama veriləndə dediyiniz məsələyə də aydınlıq gətiriləcək. Reallıqlar var. Amma məqsəd hər zaman birinci yer uğrunda oynamaqdır. Lakin bundan da qlobal məsələlər var. Əsas məsələlər komandanı növbəti illər üçün hazırlamaqdır və aşağı yaş qruplarına nəzarət etməkdir.

– “İrəvan” klubunun fəaliyyəti dayandırılacaq?

– Bu komanda reqlamentə əsasən II Liqaya göndərilib. “İrəvan”ın AFFA bayrağı altında keçirilən turnirlərdə fəaliyyətini davam etdirməsi ilə bağlı məsələyə İcraiyyə Komitəsisnin iclasında baxılacaq. Əlbəttə ki, mövsüm ərzində xoşagəlməz hallar az olmayıb. Bu hallar nəzərə alınacaq.

– Qurban Qurbanov İcraiyyə Komitəsinin iclasından sonra bildirdi ki, I Liqa klubarının infrastrukturunun yaxşılaşdırılması üçün AFFA addımlar atacaq. Hansı klublara yardım olunacağı bəllidir?

– Bu məsələ müzakirə olunub. Lakin detallı olaraq hansı stadionun, infrastrukturun yaxşılaşdırılması, yenidən qurulması dəqiq olaraq müzakirə olunmayıb. Qərar verməzdən əvvəl təhlil aparılmalıdır. Təhlillərin nəticəsi İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq. Bunlar maliyyəyə, AFFA-nın büdcəsinə bağlı olan məsələlərdir.

– Canni De Byazi ilə görüşünüz oldu?

– Bəli, Albaniya ilə oyunumuzda idi. Matça eyni məkandan baxırdıq. Canni De Byazini Albaniya Futbol Federasiyası dəvət etmişdi. Oyundan əvvəl də, sonra da danışıqlarımız oldu. Oyunla bağlı öz fikrini bildirdi. O da dedi ki, matçın nəticəsi oyuna görə deyildi. Əlavə etdi ki, son zamanlarda çox vaxt belə olurdu. Komandanın oyunu ilə bağlı fikri müsbət idi. 

– Dövlətin Premyer Liqa klublarına illik ayrıdığı 3 milyon matan artırılacaq?

– Məbləğin 4 milyon manat olması ilə bağlı yazılanlar həqiqəti əks etdirmir. Hazırda olan məlumata görə, 3 milyon manat olduğu kimi qalır, artırılması nəzərdə tutulmur.

– “Xəzər Lənkəran”ın stadionunun milli komandanın oyunu üçün təmir olunması ilə bağlı xəbərlər var. Bu, nə dərəcədə realdır?

– Biz də bu məlumatı mətbuatdan öyrənmişik. Lakin həqiqəti əks etdirmir. Hazırda belə bir məsələ nəzərdə tutulmayıb. (Sportal.az)

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43