Dünya futbolu

A Seriyasında yeni mövsümdə videotəkrardan istifadə ediləcək

İtalya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio 2017/18 mövsümündən etibarən A Seriyasında videotəkrardan istifadə ediləcəyini bildirib.

İdmanxeber.com-un məlumatına görə, o, bu barədə açıqlamasında FİFA-nın verəcəyi son qərardan sonra videotəkrardan istifadə edəcəklərini vurğulayıb.

“Mübahisəli epizodlara baxmaq üçün ayrıca otaq olacaq. Oyunlar ən azı 8 kamera ilə çəkiləcək. A seriyası bunun üçün nəzərdə tutulan 2 milyon avronu öz üzərinə götürəcək.

FİFA hələlik son qərarını verməyib. Lakin hər şey buna doğru gedir. Bu üzdən biz yeni mövsümdən başlayırıq”, — deyə Tavekkio qeyd edib.

Videotəkrarların istifadəsindən sonra qapı arxasındakı hakimlər ləğv ediləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43