Ölkə futbolu

Adil Şükürov: “Arxayınlaşmaq şansımız yoxdur”

Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində keçirilən “Kəpəz” – “Araz-Naxçıvan” (3:1) oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Adil Şükürov jurnalistlərin suallarını cavablandırdı:

İdmanxeber.az məlumat verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Bizim üçün vacib oyun idi. Bütün “Kəpəz” azarkeşlərinə təşəkkür edirəm. Hər birinin ürəyi bizimlədir. Futbolçularım sağ olsun. Bütün tapşırıqları yerinə yetirdilər. Çatışmazlıqlar oldu. Azər müəllim yaxşı komada formalaşdırıb. Rəqib bizə çətinlik yaşatdı. Əlimizə düşən epiozdlardan istifadə etdik. Məşqlərdə üzərində işlədiyimiz məqamları reallaşdıra bilirik. Bundan sonra işimiz daha çətin olacaq.

–  Nianenin çıxışını necə şərh edərdiniz?
– Yüksək səviyyəli futbolçudur. Sadəcə onu əvəzləməmin səbibi psixoloji basqı altında saxlamamaq idi. Amili meydana buraxdıq, o da əlinə düşən epiozddan yararlana bildi.

– Üçüncü dövrəyə belə başlanğıc gözləyirdiniz?
– Qarşımıza qoyulan hədəf Premyer Liqada qalmaqdır. Bunun üçün çalışırıq. Komanda oyun udmalıdır. Əziyyət çəkməliyik. Rəqibləri təhlil edib özümüzə uyğun olan yöndən hücumlar edirik.

– Standart vəziyyətlərə xüsusi hazırlaşırsınız?
– Oyundan əvvəl rəqibləri təhlil edirik. Diqqətimizi cəlb edən məqamlardan istifadə edirik. Fiziki göstəricilərinə görə heç kimin gözləmədiyi Ehtiram bu gün daha yaxşı çıxış etdi və fərqləndi.

– Amil Yunanov barədə nələri deyə bilərsiniz?
– Onunla oyundan öncə danışmışdıq. Hər bir futbolçunu hazırlayırıq. Amili də Nianenin əvəzinə ona görə meydana buraxdım ki, Niane psixoloji cəhətdən gərginləşməsin. Çünki kənardan baxanda bu, hiss olunurdu. Amil də sağ olsun, imkanlardan istifadə etdi.

– “Qəbələ”ni 5 xal qabaqlayırsınız. Bu sizi arxayınlaşdırır, ya motivasiya edir?
– Arxayınlaşmaq şansımız yoxdur. Premyer Liqada qalmalıyıq. Daha çox futbolçulara bildiririk ki, bizdən öndə olan komandaya çatmalıyıq. Bizdən geridə olan komandadan uzaqlaşmalıyıq.

– Komanda Premyer Liqada qalsa, ondan sonrakı hədəf nədir?
– Rəhbərliklə danışığımız olub. Gələn ilə planlarımızı hazırlayırıq. Əsas maliyyə dəstəyidir, komandaya cəlb ediləcək sponsordur. Ümid edirəm gəncəli iş adamları komandanı tək buraxmayacaq. “Turan Tovuz” Premyer Liqada qalmağı bacarandan sonra komandaya sahib çıxanlar oldu. Bizim də hədəfimiz budur.

– Sizdən əvvəl olan məşqçilərin dövründə komanda daxilində söz-söhbətlər var idi. Hazırda isə hiss edirəm ki, bu yığışıb…
– Azarkeşlərlə, futbolçularla, bir sözlə hamıyla yaxşı münasibətimiz var. Hər şey öz qaydasındadır. Bu da bizi sevindirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43