Müsahibə

Adil Şükürov: “İllər boyu kənarda qalmağımın faydasını gördüm” (MÜSAHİBƏ)

Yeni mövsümə də sponsorsuz başlayacağı gözlənilən “Kəpəz”i əsas heyətin əksər üzvləri tərk etdi  Gəncə klubu hətta baş məşqçisi Adil Şükürovu da itirə bilərdi. “Turan Tovuz”dan alınan təklifin ardından son anda tərəflər ortaq məxrəcə gələ bilmədi və bu keçid baş tutmadı.

Başa çatan mövsüm sərgilədiyi futbol və əldə etdiyi nəticələrdən sonra gəncəli azarkeşlər Şükürovdan eyni qəhramanlığı gözləyir. Hazırkı büdcə və imkanlarla bunun bacarmaq mümkün olacaqmı? 

“Kəpəz”in baş məşqçisi Adil Şükürov İdmanxeber.az-a müsahibəsində bu və digər suallara belə cavab verdi:

– Yeni mövsümə də sponsorsuz başlayacaqsız. Yenə “Kəpəz”də heyət yenidən qurulmalı və bu imkanlarla Premyer Liqada qalmalısınız. Çətin olacağının fərqindəsiniz?

Bəli, yenə eyni qaydada… Çox təəssüf ki, komanda da sponsor yoxdu və nə qədər acı olsa da, Premyer Liqada qalmaq uğurunda mübarizə aparacağıq. Düşünürəm ki, çox çətin olacaq. Çünki əvvəlki illərdən fərqli olaraq büdcə biraz da azalıb. Verginin 20% artırılması büdcənin biraz da azalmasına səbəb olacaq. Lakin yenə də inam var ki , AFFA rəhbərliyi bu məsələni nəzərə alacaq, müəyyən addımlar atacaq. Bunu bütün Gəncə futbol azarkeşləri gözləyir

– İddiasızlıq… Bezdirirmi sizi?

Bu günümüzün reallığı budur ki, “Kəpəz”in iddialı olması üçün kluba diqqət artmalıdı və ən başlıcası, hər kəsin gözlədiyi maliyyə dəstəyi olmalıdı. Əks halda “Kəpəz” öz ambisiyalarını kənarda qoymalıdır.

– “Kəpəz”də gördüyünüz işlərdən, qazandığınız nəticələrdən sonra “Turan Tovuz”un maraq dairəsində düşdünüz. Hətta Tovuz klubu ilə bir neçə dəfə görüşünüz də baş tutdu. Gəncə təmsilçisi ilə 2023-cü ildə 2 illik müqavilə imzalamağınıza görə, peşman deyilsiniz?

“Kəpəz”də gördüyümüz iş Allahın izni və sonra da kollektivin bərabər çalışması ilə oldu. Məncə, biz Gəncədə bu imkanlarla ən yaxşısını etdik. İllər boyu kənarda qalmağımın da mənim üçün faydasını gördüm. Bu illər ərzində həm əsas komanda ilə olan, həm də akademiya quruculuğu ilə bağlı olan işimi yaxşılaşdırmağı bacardım. Hər kəsin öz yolu var, biz də öz yolumuza Allahın izni ilə davam edirik. Müqaviləyə imza atanda mənim istəyim “Kəpəz”i özünə layiq yerlərə daşımağa nail olmaq idi. İlk cəhddə maksimumu etdik və bu, mümkün oldu. Ümid edirəm ki, komandaya olan dəstək, diqqət artacaq və “Kəpəz” layiq olduğu yerə gəlib çıxacaq.

– Bu şərtlərlə “Kəpəz”i Premyer Liqada yenidən saxlamaq mümkün olacaq?

Çox təəssüf hissi ilə bildirirəm ki, hədəfimiz Premyer Liqada qalmaqdı. Bu hala çox üzülürəm. Öncədən də qeyd etdiyim kimi, kluba maliyyə dəstəyi artırılmasa, “Kəpəz” də siravi komandalardan biri olacaq.

– Heyətə yeni futbolçular cəlb etmisiniz və bu iş davam edir. Gedənlərin boşluğunu gələnlərlə doldurmalısınız…

Gedənlər komandaya uyğunlaşmış və tələbləri bilən futbolçular idi. Gedən futbolçuların hər birinə gələcək karyeralarında uğurlar arzulayıram. Bu futbolçuların özlərinə məxsus xarakterləri, futbol özəllikləri var idi. Yeni futbolçuların da fərqləri var. İnşaAllah ümüd edirəm ki, bu futbolçular tez bir zamanda komandaya uyğunlaşacaq.

– Gəncəli azarkeşlərə komandanı yenidən Premyer Liqada saxlayacağınıza dair söz verirsinizmi?

Bu indiki halda vacib olan məsələdi. Bunu mütləq etmək lazımdı. İndiki maliyyə ilə, indiki durumla bunu reallaşdırmaq… Əsas istək önəmlidi. Azarkeşlərdən dəstək gözləyirik. Gəncəli azarkeşlər keçənilkindən də, bizə daha yaxşı dəstək olmalıdı. Azarkeşlərimiz komandaya inamı, istəyi futbolçularımıza hiss elətdirsə, “Kəpəz” yenidən Premyer Liqada qalacaq.

Səxavət Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43