Müsahibə

Adil Şükürov “Karvan”ı misal çəkdi, Qurban Qurbanovla müqayisə edilməməsini istədi (MÜSAHİBƏ)

“Zirə”nin baş məşqçisi Adil Şükürovun İdmanxeber.com saytına müshaibəsi.

– Hazırda məğlub olmayan iki komandadan birisiz. Bu uğurun formulu nədi?

Ehtiyat, ehtiyatlı oyun. Bizdə belə bir prinsip var:, hücum edirik, müdafiəni yaddan çıxartmırıq. Komandanı ayıraq iki yerə: əgər 5 futbolçumuz hücum edirsə 5 nəfər də müdafiədə olur. 

– Axı başqa komandalarda da bu var…

Var, ancaq bu bizdə daha yaxşı alınır.

– Sizin rəhbərliyik etdiyiniz komanda və növbəti turdakı rəqibiniz “Qarabağ” cari mövsümdə məğlub olmayıb. 

Özümüzü bütün komandalardan zəif sayırıq. Çalışırıq ki, istənilən oyunda sona kimi mübarizə aparıb xal və ya xallar qazanaq. “Qarabağ” bugünkü gündə görünür ki, bütün komandalara örnək olası bir kollektivə sahibdi. Həm oyun, həm futbolçu, həm də baş məşqçi sarıdan. 

– Bu həm də “Zirə” – “Qarabağ” qarşılaşması yox, məğlubedilməz iki baş məşqçi – Adil Şükürov – Qurban Qurbanov duellosu olacaq. 

Belə deməzdim. Qurban Qurbanov hazırda Azərbaycanda bir nömrəli məşqçidi. Belə məşqçilərdən biz nəisə görüb götürürük. Təkcə Qurban Qurbanov yox, bir neçə məşqçidən öyrənəcəyimiz çox şeylər var.

– “Zirə” daha çox “Qarabağ”ın sərgilədiyi futbola yaxın oynayır. Bunu futbolçunuz Dieqo Souza da saytımıza müsahibəsində demişdi. Bununla razılaşırsızmı?

Yox, bu sadəcə futbolçu baxışıdı. Bugünkü gündə heç kim deyə bilməz ki, biz “Qarabağ” kimi və ya digər hansısa komanda kimi futbol oynayırıq. Biz çalışırıq ki, özümüz fikirləşdiyimiz oyunu oynayaq. Yəni, hücumda sürətli, müdafiədə daha ehtiyatlı olaq. 

– Adil müəllim, hansı tur oldu ki, siz bu matça xal qazana bilməyəcəyinizi düşündüyünüz an xal və ya xallar əldə etdiniz, hansı tur oldu ki, qalib gəlməli olduğunuz matçda bu alınmadı?

Bütün oyunlar bizim üçün çətin oldu. İlk turdan bu yana asan bir matç keçirmədik. Bizim üçün bütün oyunlar çətin keçir. Çünki biz yeni komandayıq. Əsas hədəfimiz Premyer Liqada möhkəmlənməkdi. İlk növbədə bunu fikirləşirik. 

– Komanda hazırda ilk “üçlük”də qərarlaşıb. Bir müddət öncə belə bir xəbər çıxdı ki, UEFA -nın qərarına görə, “Zirə” avrokuboklara vəsiqə qazansa belə oynaya bilməyəcək. Bu komandanın motivasiyasına təsir etməmiş olmaz…

O xəbəri biz ötəri qəbul etdik, getdi. Bu haqda fikirləşmək istəmirik. “Karvan”ın özünü götürək… “Karvan” 1 ildə yarandı elə həmin ildəcə bir mərhələ keçdi. “Xəzər Lənkəran”ın özünü də misal çəkmək olaq. 

– Komanda qış fasiləsinə kimi ilk “üçlük”də qərarlaşsa rəhbərlikdən nə kimi tələbləriniz olacaq?

Bugünkü olan şəraitimizi saxlasınlar və daha da yaxşılaşdırsınlar. 

– Bəs bahalı transferlər tələb etməyəcəksiz?

Yox. Çünki hədəfimiz öncədən bəllidi. Biz öz hədəfimizi qışa kimi ilk “üçlük”də qapasaq belə böyütmürük. Sona kimi belə davam etmək istəyirik.  Premyer Liqada qalmaq, möhkəmlənmək özü bir hədəfdi.

– Bir məsəl var ki, “Yaxşı günün dostu çox olar, pix günün az”. Necə düşünürsüz, rəhbərlik uğursuzluq olduğu təqdirdə sizə sona kimi güvənəcək, yoxsa…?

Bugünə kimi rəhbərlik mənə güvənibsə, inanırma ki bundan sonra da güvənərlər.

Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43