20 Sentyabr 2024
Ölkə futbolu

Adrian Mutu: “Qarabağ”la bizi çox çətin oyun gözləyir

“Neftçi”nin baş məşqçisi Adrian Mutu ölkəsinin  “Gazeta Sporturilor” nəşrinə müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, ruminiyalı mütəxəssis Azərbaycandakı durumundan və gələcək karyerası barədə danışıb:

– Azərbaycanda işləriniz necə gedir? “Neftçi”də vəziyyət necədir?

Daha yaxşıdır. Bir aydır məğlubiyyətsizik, komanda pis çıxış etmir. Azərbaycanın böyük klubu olan “Neftçi”də həmişə təzyiq var. Hər kəs nəticə gözləyir.

– Qələbələrdən sonra bəzi azərbaycanlı jurnalistlərin sizə şübhəsi var?
 Hələlik, yaxşıyam. Müqavimət göstərə bilərəm.

– Növbəti rəqib lider “Qarabağ”la derbidir. Sizi nələr gözləyir?

Son 10 ildə ənənə halını alan derbidir. “Qarabağ” son 10-15 ildə çox inkişaf edib. Bizi çox çətin oyun gözləyir, onlar yaxşı komandadır. Bunu Avropa Liqasının qruplarında sübut etdilər. Hədəfləri Çempionlar Liqasına qatılmaqdır.

– Hər dəfə Rumıniyanın əsas komandalarında problem olan kimi sizin adınız gündəmə gəlir. Bunlardan biri də “ÇFR Kluj”dur.

Məni heç nə bağlamır. Uzun illərdir ki, həmin klubda mənim haqqımda danışılır. Gerçək olmayan bir mövzuya münasibət bildirməyə ehtiyac yoxdur.

– Nə vaxtsa Rumıniya 1-ci Liqasına qayıtmağı düşünürsünüz?
İndi məni yalnız “Neftçi” maraqlandırır. Yüz faiz özümlə, komanda ilə baş verənlərə köklənmişəm. Gələcəyi heç vaxt bilməyəcəksiniz. Həmişə deyirdim ki, Rumıniyada məşqçilik etməyi xoşlayıram. Amma indi ordan uzaqdayam.

– Qışda “Rapid”dən təklif gəlsə, nə deyərdiniz?

Birincisi, mən Bakının “Neftçi” klubunun məşqçisiyəm və burada nəyə sahib olduğum məni çox maraqlandırır. “Rapid”in məşqçisi var, onunla uğur qazanacağını düşünürəm. Sadəcə onu deyə bilərəm ki, orada yaxşı iş görmüşəm. Komandanı Liqa 1-in ikinci ilində götürdük, pley-offa çıxardıq, daha çox irəli getdik. Pley-offda çox güclü matçlar var, hər bir xırda detal önəmlidir və fərq yarada bilər. Məncə, biz çox yaxşı iş görmüşdük.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43