Kateqoriyasız

Adrian Skarlatake: “Aşağı maaşla burda oynamağı azarkeşlərə görə seçdim”

“Xəzər Lənkəran”ın müdafiəçisi Adrian Skarlatakenin müsahibəsi:

– Komandada işlər necə gedir?

– Yenidən komandaya qoşulmuşam, hələlik zədə səbəbindən yalnız fərdi məşqlə kifayətlənirəm. Çalışıram ki, qısa müddətdə komandaya qoşulub meydana çıxım. Hazırda bərpa prosesi üçün bir qədər zaman lazımdı. Doğma meydanda oyunlara çıxmaq üçün darıxmışam.

– Sabah “Bakı” ilə oyunu buraxacaqsan?

– Bəli, komandama kömək etmək üçün hazır deyiləm. Hazırda çalışıram, ən tez halda meydana çıxım.

– Qış transfer pəncərəsində mətbuatda “İnter”lə anlaşdığın yazılıdı. Lakin son anda sən “Xəzər Ləkəran”da qalmağı seçdin. Buna nə səbəb oldu?

– Bəli, bu bir az çətin mövzudur, bu haqda çox danışmaq istəmirəm. Hazırda “Xəzər Lənkəran”dayam və burda özümü xoşbəxt hiss edirəm. Müqaviləm başa çatana kimi də burada qalacam. Məncə, burda qalmaqla doğru qərar vermişəm. “İnter”ə də mənimlə maraqlandığı üçün təşəkkürümü bildirirəm.

– Bildiyimiz qədər, burada daha aşağı maaşla oynayacaqsan…

– Bəli, maaşım bir qədər azaldı. “Xəzər Lənkəran”sı seçməyimdə ən böyük səbəblərdən biri də azarkeşlər idi. Hər yerdə oxuyurdum ki, onlar mənim komandada qalmağımı istəyir. Aşağı maaşla burda oynamağı azarkeşlərə görə seçdim. Ümid edirəm, azarkeşlərlə həmişə belə mehriban olacam. Həm də klub rəhbərliyi ilə danışdım, onlarda aşağı maliyyə təklif etdilər. Fikirləşdim qərarımı verdim. Hazırda mənim üçün vacib olan meydana çıxıb “Xəzər Lənkəran”a kömək etməkdi, pul ikinci sıradadı.

– Qış fasiləsindən sonra komanda hələ xal qazana bilməyib. Komandanın hazırki durumu ilə bağlı nə deyə bilərsən?

– Vəziyyət həqiqətən ürəyaçan deyil. Ancaq nəzərə alın ki, komanda gənc futbolçularla meydana çıxır. Bu nəticəni normal saymaq lazımdı. Bu mövsüm əsas məqsəd növbəti mövsümün ilk “11-liy”ini müəyyənləşdirməkdir. Komandamız növbəti mövsüm gənc və 3-4 təcrübəli legionerlərlə gözəl nəticələr əldə edəcək, buna əminəm.

– Sabah komandanız maliyyə problemi yaşayan “Bakı” ilə qarşılaşacaq. Bu oyunda meydanda olmasan da, komandadan nə gözləyirsən?

– Rəqib də gənc futbolçulardan ibarətdir, mübarizəli və maraqlı oyun gedəcək. “Xəzər Lənkəran” bu oyunda qış fasiləsindən sonra ilk qələbəsini qazanacaq. Azarkeşlərə də deyirəm ki, bizi tək qoymasınlar, biz meydanda 3 xal üçün döyüşəcəyik. Stadiona gəlsinlər, bizi dəstəkləsinlər. (sportal.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43