İdman

AFFA bəzi futbol adamlarına təqaüd ayırdı

Bu gün Bulvar otelində AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com-un qurumun saytına istinadən yaydığı  məlumata görə, gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev futbol veteranı, uzun illər SSRİ çempionatının güclülər dəstəsində, habelə beynəlxalq oyunlarda hakimlik etmiş Rüstəm Rəhimovu 70 illik yubileyi münasibətilə təbrik edib, ona üzərində R.Rəhimov 70 yazılmış simvolik hakim forması təqdim olunub.
 
Rüstəm Rəhimov göstərilən diqqətə görə minnətdarlığını bildirib, müəllifi olduğu “Bu mənim alın yazımdır” avtobioqrafik kitabını AFFA prezidentinə hədiyyə edib.

İcraiyyə Komitəsi gündəlikdəki məsələlərin müzakirəsindən sonra bir sıra qərarlar qəbul edib.
 
Zeynal Zeylanov çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.
 
Futbol veteranlarından Müzəffər Qasımov və Gündüz Cəfərova AFFA-nın xüsusi təqaüdü, Vaqif Davudov, Nadir Qasımov, İsmayıl Hüseynov və Ağarza Rzayevə isə təqaüd verilməsinə dair qərar qəbul olunub.

Zaur Hacı-Məhərrəmov AFFA-nın Lisenziyalaşdırma Qrupunun üzvü təyin olunub.

İclasda qərara alınıb ki, AFFA-nın yanında Media Komitəsinin yeni formatda fəaliyyəti ilə bağlı müzakirələrin aparılması katibliyə həvalə olunsun və İcraiyyə Komitəsinin növbəti iclasına təkliflər təqdim olunsun.

İclasda Futbol oyunlarının nəticəsinin manipulyasiyası məsələləri və nəticəsi şübhə doğuran oyunlarla bağlı geniş müzakirə aparılıb.

Azərbaycan Futzal Federasiyasının prezidenti, İcraiyyə Komitəsinin üzvü Zaur Axundov futzal federasiyasının fəaliyyəti ilə bağlı məruzə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43