Ölkə futbolu

AFFA-nın diqqət etməli olduğu vacib məqam

Yeni AFFA rəhbərliyi ilə keçirilən ilk İcraiyyə Komitəsində gözlənilən qərarlar qəbul edilmədi. İctimaiyyət üçün şok təsiri yaradan qərarın/qərarsızlığın müxtəlif cür izahı var.

Təqdim edilən soyuqqanlı və populizimdən üzaq mövqenin gələcəkdə Azərbaycan futboluna hansı təsirlərinin olacağını zaman göstərəcək.

Ümumiyyətlə, hazırda ölkə futbolu barəsində yaxşıya doğru ümidli gözləntirlərlə yanaşı, ehtiyatlı yanaşma da sezilir. Hələlik gözləmə mövqeyində olanların sayı daha çoxdur.

Bir sıra qeyri-müəyyənlik ictimaiyyətdə, eləcə də klublarda bəzi narahatlıq yaradır. Plansızlıq kifayət qədər ciddi qüsurdur. Və hazırda yeni rəhbərlikdə bu, açıq görünür.

Növbəti mövsüm ölkə futbolu üçün kifayət qədər vacib məsələlərdən biri də klublara ayrılacaq büdcədir. Bu məsələdə də yekun rəyin nə olacağı bəlirsizdi. Hətta eşitdiyimiz qədəri ilə bu məsələdə hər hansı bir yenilik gözlənilmir.

Aydın məsələdir ki, dövlətin komandalara ayırdığı dotasiya sadəcə yaşamaları üçün verilir. Ən azından Premyer Liqa və I Liqa  üçün bu iddia özünü doğruldur. Amma yeni yaradılan II Liqaya ayrılan məbləğ nəzərdə tutulan inkişafla qətiyyən örtüşmür.

Cari mövsüm II Liqanı yaxından izləyən biri kimi deyə bilərəm ki, burada əksər komanda sadəcə görüntü xətrinə var. Onların nə komandası, nə şəraiti, nə də hər hansı bir bazası, infrasturkturu mövcuddur. Yəni oyundan-oyuna toplaşan 15-20 nəfərlik heyətə komanda demək doğru deyil.

Zatən ayrılan 50 minlə bunları etmək mümkünsüzdür. Əlbəttə, əsas tələb hər kəsin sponsor tapması və özünü inkişaf etdirməsidi.

Ancaq neçə komanda bunu bacardı? Çempionatda yer alan 14 komandanın sadəcə 3-4-ü sponsor tapa bilib. Onlar da təmsil etdikləri bölgədə yox, Bakıda və ya kənarda məskunlaşaraq. Bəs digərləri nə etdi? Heç bir şey.

Sadəcə yarışdılar. Hətta bəziləri ümumiyyətlə komanda ola bilmədi, həftəlik məşqlərini belə keçirməyə imkan tapmadı. Oyun günü toplaşıb matça çıxmaqla bir təhər mövsümü yola verdilər. Çünki əldəki imkan ancaq buna yetdi.
Əgər növbəti mövsüm də eyni büdcə ilə davam edilsə, həmin şeylər təkrarlanacaq.

Və sual çıxır: bu çempionat Azərbaycan futboluna nə verdi?

Beləcə, biz hər mövsüm 50 minləri səmərəsiz istifadə etməklə məşğul olacağıq. Maliyyəni mənimsəməklə, düzgün istifadə etməmək arasında ciddi bir fərq yoxdur. Çünki hər iki halda vəsait dağıdılır.

Əgər hansısa bir işə niyyət edilirsə, mütləq faydası olmalıdır. Məsələn, AFFA növbəti mövsüm aşağı liqalarda büdcəni artırmalı və onların qarşısına ciddi tələblər qoymalıdır. Elə bir büdcə ayrılmalıdır ki, komandaların stadionunda hamam-tualet kimi sadə problemlər olmasın, normal vəziyyətdə soyunub-geyinmə otaqları yaradıla bilsin, tribunalara əl gəzdirilsin və s.

Dövlət vəsaiti komandalar çempionluq heyəti qursun deyə ayırmır. Bu klublara ayrılan məbləği artırmaq və ən azından xırda infrasturktur işlərinə xərclənməsinə nəzarət etmək lazımdır. Əlbəttə, o stadionları dərhal Premyer Liqa səviyyəsinə gətirmək mümkün olmayacaq. Amma ən azından müəyyən işlər görüləcək.

Azərbaycan futbolunda əgər hansısa müsbət iş görüləcəksə bu, büdcənin artırılmasından keçir. Əgər yeni AFFA rəhbərliyi bu məsələdə xəsis davranacaqsa, köklü problemlər eyni vəziyyətdə qalacaq.

Bu gün görüntü xətrinə Premyer Liqada komanda sayı artırılmırsa, görüntü naminə çempionat da keçirilməməlidir.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43