Ölkə futbolu

AFFA-nın Məşqçilər Komitəsində yeni sima

AFFA Məşqçilər Komitəsi Şahin Diniyevin “Kəpəz”ə gedişindən sonra boş qalmış posta yeni namizəd irəli sürüb.

İdmanxeber.com-un “Report.az”a istinadən verdiyi xəbərə görə, bu barədə komitənin sədri Vaqif Sadıqov məlumat verib.

O bildirib ki, Məşqçilər Komitəsinin üzvləri bu gün AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüblər. Görüşdə komitə üzvlüyünə Əsgər Abdulllayevin namizədliyi irəli sürülüb və bu addım müsbət qarşılanıb: “Tezliklə Əsgər müəllimin məsələsi həllini tapacaq. Şahin Diniyev iyulun 1-dən “Kəpəz” klubundadır. Rəhbərlik boş qalmış posta təklif etdiyimiz namizədi müsbət qarşıladı”.

V.Sadıqov komitənin digər üzvü Şakir Qəribovdan da danışıb. Onun sözlərinə görə, Ş.Qəribov “Kəpəz”ə getməyəcək və fəaliyyətini komitədə davam etdirəcək: “İki üzvün komitəni tərk etməsi bizim üçün ağır zərbə olar. Ona görə belə qərara gəldik ki, Şakir Qəribov bizimlə işləsin və aşağı yaş qrupu yığmalarına nəzarəti davam etdirsin”.

Qeyd edək ki, Məşqçilər Komitəsinin üzvü olan Şahin Diniyev “Kəpəz”in baş məşqçisi təyin olunub və o, köməkçi məşqçi kimi Şakir Qəribovu Gəncəyə dəvət edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43