Milli komanda

AFFA “qara bazar”la mübarizəyə başladı

AFFA-nın bilet satışı meneceri Kamran Abasov qurumun saytına müsahibə verib.

İdmanxeber.com həmin müsahibəni təqdim edir:

– Azərbaycan – Almaniya oyununun bilet satışı nə vaxt başlayacaq?

– Onlayn satış  yanvarın 10-da başlayıb. Biletləri tickets.affa.az saytından əldə etmək olar. Fevralın 1-dən etibarən şəhərin müxtəlif yerlərində bilet satışı məntəqələri fəaliyyətə başlayacaq. Rəqib komandanı və stadionun tutumunun azlığını nəzərə alaraq, oyun biletlərinin qara bazara çıxarılmasının qarşısını almaq üçün satışa əvvəlki oyunlarımızla müqayisədə daha tez başlamışıq.

– Biletlərin qiymətləri neçəyədir?

– Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 5, 9, 14, 19 və 50 manatdır. Qiymətləri təyin edərkən müxtəlif alıcı kateqoriyasını nəzərə almışıq. Stadionun təxminən yarısı minimal qiymətə – 2 manata olan biletlərdir. Digər yarısı isə müxtəlif kateqoriyalar üzrə bölünüb.

– Qara bazara qarşı hansı tədbirlər görülüb?

– Azarkeşlərin süni qiymət artımı və bilet tapa bilməmə kimi problemlərlə qarşılaşmamaları üçün tez bir zamanda onlayn şəkildə və ya 1 fevral tarixindən şəhərin müxtəlif yerlərində fəaliyyətə başlayacaq bilet satışı məntəqələrindən bilet əldə etməyə çağırırıq. Biletlərin qara bazara çıxarılmasının qarşısını almaq üçün 1 nəfər şəxsiyyət vəsiqəsini təqdim etməklə maksimum 5 bilet ala bilər.

– Onlayn bilet alanlar biletlərini necə əldə edə bilərlər?

– tickets.affa.az ünvanından bilet aldıqdan sonra 1 fevral tarixindən bilet satışı məntəqələrindən şəxsiyyət vəsiqəsi və e-mail ünvanına göndərilmiş vauçeri təqdim etməklə biletləri əldə etmək olar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43