AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
İdmanxeber.com-un məlumatına görə,iclasda Premyer Liqasının XXXIV turunda baş vermiş qayda pozunturlarına hüquqi qiymət verilib.
“Qarabağ” – “İnter” matçının 75 və 80-ci dəqiqələrində meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.
“Xəzər Lənkəran” – “Sumqayıt” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığından klub 1000 manat ziyana düşüb.
AZAL – “Neftçi” qarşılaşmasının 58-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan AZAL-ın futbolçusu Kərim Diniyev 1 oyunluq cəzalanıb, klubunu 200 manat xərcə salıb. Onun komanda yoldaşı Murad Ağayevin cəzası daha ağır olub. Oyunun 86-cı dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan futbolçu 2 oyunluq cəza və 2000 manat cəriməyə layiq görülüb. Bu isə o deməkdir ki, Ağayev üçün mövsüm başa çatıb.
“Rəvan” – “Simurq” görüşündə 73-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan İlkin Qırtımov isə 1 matçlıq cəza alıb və klubunu 200 manat ziyana salıb.