Kateqoriyasız

Aftandil Hacıyev: “Bəzən hakimlər qələbəni əlimizdən alıb”

Azərbaycan Premyer Liqasında XVI turun “Keşlə” – “Səbail” (0:1) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Aftandil Hacıyev jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə qələbəni şərh edib:

– Hər iki komandanın ifasında maraqlı oyun izlədik. Qol epizodları oldu. Bu mövsüm fərqli “Keşlə” görürük. Həm az qol buraxır, həm də nəticəyə oynayır. Biz də rəqibi yaxşı təhlil etmişdik. Bilirdik ki, hansı boşluqlar var. Uşaqlar bu plan üzrə oynadılar. İlk hissədə istədiyimiz kimi oynadıq, qol vura bilmədik. Ümumilikdə yaxşı çıxış etdik. Rəqibin heyətində təcrübəli oyunçular var. Amma komandamız getdikcə oyununu yaxşılaşdırır. Buna baxmayaraq, baş verənlərin təsiri olur. Dəyişikliklər zamanı uyğunlaşma üçün zamana ehtiyac yaranır.

– Qış fasiləsindən əvvəlki güclü heyətlə qələbə üzünə həsrət idiz. Amma indi gənclərlə daha yaxşı oynayırsız. Fərq nədə idi?
– Gedən oyunçular yaxşı futbolçular idi. Sadəcə, durumla əlaqədar onları saxlaya bilmədik. İndi heyətə qatdığımız oyunçuları yaxşı tanıyıram. Onlara da inanmaq lazımdı. Çalışırıq, o güvəni onlara verək. Bu gün həm gənclər, həm də təcrübəlilər yaxşı çıxış etdilər. Amma o demək deyil ki, bu, bizim maksimumuzdu. Heyətdə daha yaxşı oynamağa qadir oyunçularımız var.

– Düşünmürsüz ki, gənclər gedənlərlə müqayisədə maliyyəni yox, oyunu düşünürlər?
– Xeyr. Maliyyə futbolun tərkib hissəsidi. Bizimlə qalanlarla davam edirik.

– Ruslan və Fəhminin durumu necədi?
– Ruslanın dizində problem var idi. Çalışırıq ki, ondan ehtiyatlı istifadə edək. Fəhmində isə ciddi zədə olmamalıdı. Bu gün bütün oyunçularımız yoruldu. 5 gün ərzində süni örtükdə iki güclü komanda ilə qarşılaşdıq. Növbəti oyuna qədər istirahət edib, hazırlaşmağa vaxtımız olacaq.

– “Keşlə”yə qarşı yaxşı oynayırsız. Belə çıxır ki, onların boşluğunu yaxşı tutmusuz?
– Elə oyunlar olub ki, qələbəmizi hakimlər əlimizdən alıb. Ola bilər ki, “Keşlə”yə qarşı daha yaxşı oyunumuz alınır. Təsadüf də ola bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43