Ölkə futbolu

Ağ forma ilə təslim olanlar

Hər iki görüş də baş məşqçi Canni De Byazinin ayağına yazıldı. İtaliyalı komandanı elə bir əcaib duruma salıb ki, oyunçular da daxil heç kim nə etdiklərini bilmir. Milli axşamkı oyunun bütün 90 dəqiqəsini meydanda Emil Balayev, Bəhlul və Anton arasında keçirdi. Avstriya və İsveçə qarşı bir oyunçu belə yaxşı mənada fərqlənmədi, üstün olmadı.

Artıq pis belə oynamırıq. Adsız, qəribə bir şey görürük meydanda. Mərkəzlə-qapımız arasında gedib-gələn bir komanda var. Ancaq italiyalı bu rəzilliyin sadəcə bir parçasıdır…

İki oyuna buraxılan 9 qol başdan-ayağa ölkə futboludur. Bu gün İsveçə qarşı meydandakı durum, tablodakı hesab Azərbaycan futbolunu idarə edənlərə salamdır,  hal-əhval soruşmaqdır. Nə qədər bacarıqsız olduqlarının üzlərinə çırpılmasıdır…

Dünən bizə höccətləri sırıyanların, onu oynatmağa razı olan “killer”lərin qiyməti tabloda yazılmışdı. Rahat olun. O gecə “beş” aldınız. Futbolsevərlərə başsağlığı, sizə təbrik düşür. Bu, heç də asan “uğur” deyil.

Formanın “ağ”ı da əsl yerinə düşüb. Meydandakı futbolunuzu büküb dəfn etmək üçün əla ideyadır. Biz o forma ilə mübarizəyə, oynamağa çıxdığını düşündüyümüz komanda təslimiyyətə, iflasa çıxıbmış. Əslində o “ağ” elə illərdir sizin üçün yellənir. Hər zaman azarkeşlər edirdi, bu səfər də futbolçular etdi.

İllərdir stadionlar, tablolar, məşqçilər, milliyə sırıdığınız futbolçular belə sizə ağ bayraq qaldırır. Artıq gizlənməyə yeriniz, bəhanəyə sözünüz qalmayıb. Ətrafınız məhv etdiyiniz ölkə futbolu ilə sarılıb. Qaçış yoxdur, hədəfdəsiniz.

Mətbuatdan, azarkeşdən, etirazlardan qaça bilsəniz də, tablolarla üz-üzəsiniz. Onlar sizi rahat buraxmaycaq. Turnir cədvəlləri, darmadağınlar kabusunuzdur. Artıq bacarıqsızlığınızdan əsəbləşən, sizə etiraz edən də yoxdur. Üzünüzə təbəssüm edəndə özünü başa düşürsünüz.

AFFA-nın prezidenti də, baş katibi də, o gedib-getmədiyi bəlli olmayan da, müdafiəçiləri də bu fiaskonun sorumlusudur. Bunun üçün cavab verməyəcəkləri təqdirdə heç nə düzəlməyəcək. Siz davam etdiyiniz müddətcə rəqiblər də davam edəcək…

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43