Kateqoriyasız

“Ailə üzvlərimə görə narahatam” – “Zirə”nin qapıçısı

“Məşqlər və oyunlar olmasa da, günlər sürətlə keçir. Mən ailəmlə evdəyəm, anam da buradadır və bizə köməklik edir”.

Bu sözləri “Zirə”nin qapıçısı Boyan Zoqoviç koronavirus pandemiyası şəraitində fəaliyyəti haqqında danışarkən deyib.

31 yaşlı monteneqrolu qolkiper yalnız ərzaq almaq üçün evdən çıxdığını bildirib. Zoqoviç Monteneqrodakı durum barədə də fikirlərini bölüşüb: “Monteneqro koronavirusun ortaya çıxdığı son ölkələrdəndir. Vəziyyət hələ ki, sabitdir. Düşünürəm ki, orada həyat mayın əvvəlində normallaşacaq. Atam və qardaşımla daim əlaqə saxlayıram. Onlara görə narahatam, amma intizamlı olduqlarını və dövlətin bütün tələblərinə əməl etdiklərini bilirəm”.

Mövsümün sonunda qəsəbə təmsilçisi ilə müqaviləsi başa çatacaq oyunçu “Zirə”də qalmaq istədiyini söyləyib: “Bu komandada özümü daha yaxşı tərəfdən göstərə bilərəm. Sözləşməm mövsümün sonunda başa çatır. Ümid edirəm ki, “Zirə”də qalsam, davamlı oyun şansı qazanacağam. Klubdakı insanlarla yaxşı ünsiyyətim var. Mövsümün sonunda klubunun planlarının nə olduğunu görəcəyik”.

Qeyd edək ki, Boyan Zoqoviç 2019-cu ilin iyulundan “Zirə”də çıxış edir. Qəsəbə təmsilçisi 20 turdan sonra Azərbaycan Premyer Liqasında 23 xalla 5-ci pillədə qərarlaşıb. (report.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43