16 Sentyabr 2024
Ölkə futbolu

“Almaniyadakı təcrübə bizə çox faydalı olacaq” – “Araz Naxçıvan” rəsmisi

“Premyer Liqa klublarının yüksək vəzifəli şəxsləri, PFL və AFFA nümayəndələri bu layihəyə cəlb olunublar. Bu, 3 moduldan ibarətdir. Birincisi artıq oktyabr ayında baş tutub. İkinci seminar isə Almaniyanın Frankfurt şəhərində keçirildi. Əvvəlkindən fərqli olaraq bu səfər klub idarəçiliyindən daha çox söz açıldı. Kifayət qədər mövzular üzrə danışıqlar, müzakirələr aparıldı. Klubun idman departamenti, menecerlərin fəaliyyəti, klubun strategiyasının formalaşdırılması, qadın futbolu ilə bağlı çoxlu mövzular oldu. 3 gün ərzində sıx qrafikdə çox yaxşı təcrübə qazandıq. Bu sahədə tanınan yaxşı mütəxəssislərdən məsləhətlər aldıq, fikirlərini öyrəndik. Bunların arasında İsveç yığmasının sabiq üzvü Filipp Senderos, “Bayer”in məşqçilər üzrə rəhbəri Kled Bordinqard, “Mayns”ın direktoru Martin Şmidit də var idi”.

Bu sözləri İdmanxeber.az saytına “Araz Naxçıvan” klubunun icraçı direktoru Eldəniz Yusubov Almaniyanın Frankfurt şəhərində qatıldığı “Elite Club Programme” təhsil layihəsinin ikinci mərhələsi barədə danışarkən deyib. Klub rəsmisi daha sonra belə davam edib:

“Almaniyanın məşhur stadionlarında olduq. “Ayntraxt” və “Mayns”ın arenalarını gördük, onların imkanları ilə tanış olmaq fürsətimiz oldu. Frankfurt klubunun akademiyasında gördüklərimiz bizi yaxşı mənada təəccübləndirdi. Orada çox yeniliklərlə rastlaşdıq. Əgər gələcəkdə burada gördüklərimizi ölkəmizdə tətbiq etmə imkanımız olsa, Almaniyadakı təcrübə bizə çox faydalı olacaq. Çox nümunəvi iş qurublar. Yaratdıqları modeldən istifadə edirlər və kifayət qədər də uğurlu alınır. Çox maraqlı oldu. Bilmədiyimiz hər şeyi öyrənmək istəyirdik. Bu təcrübədən sonra onlardan fərqli iş üslubu ilə çalışdığımızı gördük. Amma gördüklərimizdən ölkəmizdə də bəzi şeyləri tətbiq etmək olar. Fürsətdən istifadə edib bu şəraiti bizə yaratdığı üçün AFFA-ya da təşəkkürümü bildirirəm. Həqiqətən qısa müddətdə çox şeylər öyrəndik. Bu cür seminarlar ölkə futbolunun gələcəyi üçün çox önəmlidir”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43