Köşə yazıları

AlQuşlar! – KÖŞƏ

Səhər metroda oxudum hələ keçən ay Lüksemburqun Şimali İrlandiyaya qalib gəlməsini. Özümü saxlaya bilməyib, “anqıraraq” güldüm. Metrodakılar məni ictimai nəqliyyatda hər cür heyvani səs çıxardan “gədələr”lə səhv saldı əvvəl əlimdəki qəzeti görəndən sonra burda bir hikmətin olduğunu başa düşdülər. Bildiz də hansı Şimali İrlandiyadan söhbət gedir. Bir neçə gün öncə 2:0 qalib gəlmişdi millimiz bunlara. Oyundan sonra Rövnəq Abdullayev hər futbolçuya 100 min manat verdi, mətbuat konfransına girən Berti Foqtsu ayaq üstə alqışladı bəzi jurnalistlər. Alqışlamaq demişkən, bu mövzuya qayıdıb ağzınızı “siləcəm”…

   Görün, günlərdi nəyə görə atılıb-düşür, şadyanalıq edir, oyunçulara pul paylayır sizin AFFA… Sonuncu yerdə gedən Lüksemburqun qalib gəldiyi Şimali İrlandiyanı udublar deyə. Görün kimlərin əlində səngəsar qalmısınız. Kimlər sizin futbolunuzun inkişafı üçün “çalışır”.

   Oktyabrın 16-da milliniz Rusiya ilə qarşılaşacaq. Rusiya seçməsini qəbul eləyən, lakin əslən azərbaycanlı olduğu deyilən Aleksandr Səmədov da gələcək; bəlkə əsas heyətdə meydana da çıxdı. Amma oyundan əvvəl verdiyi müsahibədəki bəzi cümlələr bizim “vətənpərvərlərə” ləzzət eləməyib. Pankart açaq, oyunboyu fitə basaq deyən kim, meydana tökülüşüb döyək, deyən də var. Nə var, nə var, deyib ki, Azərbaycan millisinə qalib gəlmək üçün hər şeyi edəcəm. Düz deyib də, millisi üçün lazım olanı deyib. Gəlib millinizin yığmasındakı oyunçularla tanış olandan sonra ya vəhhabilərə qoşulub başqa məzhəbdən olan futbolçuları sıxışdıracaqdı, ya maşınına eşşək səsi çıxardan siqnal qoyacaqdı, ya da adam öldürən olacaqdı. Şimali İrlandiya ilə lazımsız oyundan sonra bu xalqın olan yüzminləri qatlayıb cibinə qoyan biri olacaqdı da. Rusiyada gördüyü mədəniyyəti bizim futbolçulara aşılaya bilməyəcəkdi. Məcbur olub, dönüb azərbaycanlı olacaqdı ki, bundan qaçmaq üçün qəbul etmədi millinizi. Adam özünü xilas edib.

   Qayıdım bayaqki – jurnalistlərə – o şapalaq çalan jurnalistlərə. Ə, siz nə gündəsiz? Ə, mən sizinkimiləri görəndən sonra gəldim də idman mətbuatına. Sizinkimiləri məhv eləmək üçün gəldim. Siz çox güman, Rusiyayla ediləcək heç-heçədən sonra nə edərsiniz demirəm, tərbiyəm icazə vermir… Özünüzə hörmət edin. Özünüzə hörmət etmirsiz idman mətbuatına hörmət edin..


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43