Köşə yazıları Ölkə futbolu

Anormallıq (YAZI)

Hadisələrin gedişi heç də xoş bir şeyə işarə deyil… Bəli, söhbət daxili çempionatdakı anormallıqdan gedir.

8 komandalı çempionatın ən güclülərindən olan "Qəbələ" klubunun da çöküş planı artıq cızılır. Mövsüm boyu komandaya qarşı edilən hakim səhvləri və bu səhvlərə görə itirilən xallar artıq hər kəsi boğaza yığıb. Bunun bir ssenari olduğunu da düşünmək olar. Bu, növbəti əyalət komandasının çökdürülməsi üçün hazırlanmış ssenaridir. Necə ki, "Xəzər Lənkəran"a, "Araz Naxçıvan"a və digər komandalara qarşı hakim səhvləri olurdu, indi də bu səhvlər, təzyiqlər “Qəbələ”yə qarşı yönəlib.

Bu gün keçirilən İntizam Komitəsinin növbəti iclasında 20-ci turda keçirilmiş "Kəpəz" – "Qəbələ" matçında baş verən hadisələrə görə hər iki komandaya cərimələr tətbiq olunub. Daha doğrusu, "Qəbələ"yə cərimələr və cəzalar tətbiq olunub. "Kəpəz"də isə fərz edin ki, pulu sağ cibdən götürüb, sol cibə qoyursuz, ya da götürmürsüz. "Qəbələ"yə tətbiq edilən cərimənin ümumi məbləği 38400 manatdır. Bəli, 38400! Bundan əlavə, komanda rəsmiləri ümumilikdə 48 oyun cəza verilib. Bəs, bunun səbəbi nədir?

Absurd qərarları ilə daim özünü gülüş obyektinə çevirən İK yenə ənənəsinə sadiq qaldı. Təəssüf ki, hədəfdə olan komanda yüksəlişdə olan bir əyalət təmsilçisidi.

Zirvə yarışına rəng qatan, iddiasını sərgilədiyi oyunla, topladığı heyətlə ortaya qoyan "Qəbələ"yə qarşı bu anormallıqa son vermək lazımdı. Zatən 8 komandalı maraqsız bir çempionata şahidlik etmişkən buraxın "Qarabağ"la baş-başa sona kimi vuruşan komanda görək.

Bu anormallıqa son vermək lazımdı. Tarixin yaddaşına kirli oyunlarınızla həkk olan "Xəzər Lənkəran", "Bakı" kimi komandaların ardından "Qəbələ"ni də sıradan çıxarmaq ölkə futboluna vurulmuş ən böyük zərbələrdən biri olacaq. Buraxın, maraqlı bir çempionata şahidlik edək. İzin verin stadionlara təzəcə gəlməkdə olan azarkeşləri də küsdürməyək.

Düşünün, bir daha düşünün, cənablar…


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43