Dünya futbolu

Aqolli rəsmən Amerika klubunda: “Özümü çox rahat hiss edirəm”

“Qarabağ”dan ayrılan Ansi Aqollinin “Nyu-York Kosmos”a keçidi rəsmiləşib. Bu barədə ABŞ klubunun rəsmi saytı məlumat yayıb. Albaniyalı futbolçu ilə müqavilə imzalandığ bildirilsə də, müddəti açıqlanmayıb.

36 yaşlı müdafiəçi yeni klubla bağlı bunları söyləyib: “Burada özümü çox rahat hiss edirəm. Çox həyəcanlıyam, səbirsizliklə oyunları və nəticə qazanmağımızı gözləyirəm. Albaniyada amerikan futbolu deyəndə ağla ilk olaraq “Kosmos” gəlir. Bu klubun ənənələrini bilirəm. Komandaya kömək etmək və həmin ənənələri qorumaq üçün mümkün olan hər şeyi edəcəyəm”.

Aqollinin transferi ilə bağlı danışan klubun vitse-prezidenti Co Barone onun təcrübəsinin komandaya xeyir verə biləcəyini bildirib: “İnanılmaz dərəcədə şadıq ki, Ansi bu mövsüm bizimlə olacaq. Onun təcrübəsi hər şeydən xəbər verir. Hiss edirik ki, Aqolli təkcə bacarığı ilə deyil, həm də təcrübəsi ilə gənc futbolçulara yaxşı nümunə olacaq”.

“Kosmos” klubunun baş məşqçisi Karlos Mendes isə Ansinin qazandığı uğurlara baxmayaraq, hələ də işinə peşəkar yanaşdığını söyləyib: “Burada keçirdiyi bir neçə məşqdən sonra onun səviyyəsi açıq-aşkar göründü. Bu mövsüm Aqollini izləmək azarkeşlərimizin xoşuna gələcək. Qazandığı nailiyyətlərə baxmayaraq, Ansi ciddi oyunçudur. Hər gün məşqlərdə çox çalışır”.

Qeyd edək ki, Aqolli 2010-2019-cu illərdə “Qarabağ”ın formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43