Müsahibə

Araz Abdullayev: “Hər şeyin öz vaxtı var” (MÜSAHİBƏ)

“Neftçi”nin futbolçusu Araz Abdullayev “Qəbələ” ilə oyundan sonra İdmanxeber.com-amüsahibə verib:

– Oyunla bağlı nə deyərdin?

-Komandamız bu gün kompakt oynadı. Komanda şəklindı çalışdıq ki, bir nöqtəyə vuraq. İlk hissədə qolumuzu vurduq və fasilədən sonra da lazım olan hesabı qoruyub saxlaya bildik. Rəqib də yaxşı oynadı, amma biz lazım olan nəticəni qoruya bildik.

– Artıq oyunlara start heyətində yox, əvəzləmədən çıxırsan. Nə vaxt əsas heyətdə oynamaq şansı qazanacaqsan yaxın 1-2 turda bunu görə biləcəyik?

– Bilirsiniz ki, 2 aydır futbol oynamırdım. Ona görə çox çətindir. Məşqlərdə öz üzərimdə işləyirəm. Hər şey baş məşqçinin verəcəyi qərardan aslı olacaq.

– Bəs sən özünü hazır sayırsan?

– İstək çox güclüdü. Amma istəkdən başqa əzələlər də bərpa olmalı, tam güclə oynamağa hazır olmalıdır. Yəni hər şeyin öz vaxtı var və hər şey öz vaxtında olsa yaxşıdır.

– Rəqib futbolçu Rəşad Sadiqov açıqlamasında bildirdi ki, “Neftçi”nin cəmi bir qol epizodu oldu onu da vurdu. Bundan qabaq “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov da demişdi ki, biz oynadıq “Neftçi” qazandı. Niyə rəqiblər sizin qələbələrinizə kölgə salır?

– Rəşad yaxın dostumuzdur. Amma futbol belədir ki, bəzən bir imkanın olur və həmin imkanı qola çevirib 3 xalı qazanırsan. Biz də bu gün qolumuzu vurduq və lazım olan nəticəni sona qədər saxladıq.

– Sən özün hansının tərəfdarısan yaxşı oyun, yoxsa nəticə?

– Elə oyun olur ki, yaxşı oynasan da uduzursan və azarkeş də bu nəticədən üzülür, istəyir ki, komanda qələbə qazansın. Bizim turnir cədvəlindəki hazırkı mövqeyimiz də elədir ki, əsas 3 xal lazımdır.

– “Neftçi”nin çempionluq yarışına qoşulduğunu demək olar?

– Hələ bu haqda danışmaq tezdir. Qabaqda bizi uzun marafon gözləyir. Biz də çalışacağıq ki, sonluq uğurlu olsun.

Səxavət Qurbanov // Qəbələ


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43