Ölkə futbolu

“Araz-Naxçıvan” bəyanat yaydı: “PFL-in qərarına siyasi çalarlar qatmağa çalışanlara xatırlatmaq istərdik ki,…”

“Araz-Naxçıvan” PFL-in Azərbaycan Superkubokunun Naxçıvanda keçirilməsiylə bağlı qərarı ətrafında yaranmış dedi-qodulara cavab verib.

Bununla bağlı Naxçıvan təmsilçisi “facebook” səhifəsində bəyanat yayıb.  

“Ötən həftə Peşəkar Futbol Liqasının futbol üzrə Azərbaycan Superkubokunun oktyabrın 23-də Naxçıvan şəhərində keçirilməsi ilə bağlı verdiyi qərarı həm “Araz-Naxçıvan”, həm də sıravi azarkeşlər və KİV tərəfindən alqışlandı. Və bu, qərarın nə dərəcədə yerində olduğunun sübutudur. Ancaq təəssüf ki, ölkədə yaradılmış fikir azadlığından, mətbu plüralizmdən sui-istifadə edərək bir həftə sonra baş tutacaq futbol bayramına kölgə salmaq istəyənlər oldu. PFL-in qərarına siyasi çalarlar qatmağa çalışanlara xatırlatmaq istərdik ki, Naxçıvan Muxtar Respublikası vahid Azərbaycanımızın bir hissəsidi və ölkə futboluna hər zaman xidmət etmiş, dəyərli futbolçular, məşqçilər vermişdir. 12 illik fasilədən sonra “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun bərpa olunması, Azərbaycan Birinci Divizionunda mübarizəyə başlaması, 3 ay kimi qısa müddət ərzində şəhər stadionunda aparılan bərpa və yenidənqurma işləri, bu gün hətta Premyer Liqa klublarımızın çoxunun həsəd apara biləcəyi, hər bir şəraiti olan bazanın inşa olunması Muxtar Respublika rəhbərliyinin, əhalisinin futbola diqqət və marağının sübutu üçün yetərli faktlar deyilmi? Superkuboka ev sahibliyi hüququnun Naxçıvana verilməsinin əsas səbəbi də məhz bu faktlardır və hesab edirik ki, qərara siyasi çalar qatmağa cəhd etmək əsası olmayan təxəyyülün məhsulu olub, bizi gözləyən böyük futbol bayramı öncəsi suyu bulandırmağa çalışmaqdan başqa bir şey deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43