Ölkə futbolu

“Araz Naxçıvan” niyə çempionatdan çəkildi?

Azərbaycan Premyer Liqa təmsilçisi "Araz Naxçıvan" klubu fəaliyyətini rəsmən dayandırmasının əsas səbəblərini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun rəsmi saytının bu gün yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, dünən “Araz  Naxçıvan” Azərbaycan Premyer Liqasında çıxışını dayandırdığını da açıqlamışdı.

Klubun bu gün yaydığı bəyanatda açıqlamada "Araz Naxçıvan"ın fəaliyyətinin dayandırmasının səbəblərindən bəhs olunub.

Açıqlamada bildirilir:

"Araz-Naxçıvan" ötən gün fəaliyyətini dayandırması ilə bağlı açıqlama verib və PFL-ə də rəsmi məktub göndərib. Bu məlumatla bağlı yerli mətbuatda bir sıra xəbərlər öz əksini tapdı. Bəzi mətbu orqanlar əsassız xəbərlər yayaraq, klubun dağıldığını müəyyən səbəblərlə bağladılar. Lakin bu xəbərlərin çoxu həqiqəti əks etdirmir. Muxtar respublika klubunun çempionatı tərk etməsi və fəaliyyətinin dayandırırmasının səbəbi isə tam fərqlidir. Belə ki, "Araz-Naxçıvan"ın çempionatı tərk etməsinin əsl səbəbi öncədən məlum idi. Çünki klub yaradılarkən öz strategiyasına uyğun olaraq fəaliyyət dairəsi seçmişdi. İlk olaraq yerli futbolçularla güclənməyi qarşısına məqsəd qoyan komandanın əsl məqsədi Azərbaycan futboluna xidmət etmək və yerli oyunçuların gücündən istifadə etmək idi. Lakin zaman keçdikcə klubumuza qarşı bəzi haqsızlıqlar muxtar respublika təmsilçisinin fəaliyyətinin dayandırmasına səbəb oldu.

Xatırlayırsınızsa, hələ çempionatın 2-ci turunda "Qəbələ", 4-cü turunda isə "Sumqayıt"la oyunda komandamız hakim haqsızlıqları ilə üzləşmiş və bu barədə futbol qurumuna müraciət olunmuşdu. Sonradan məsələ öz həllini tapsa da, klubumuz müəyyən şərtlərlə çempionatda oyunlarına davam etdi. Ancaq sonrakı turlarda məlum hadisələrdən sonra klub rəhbərliyinin səbr kasası daşdı və klubun fəaliyyətinin dayandırılmasına göstəriş verildi. Biz "Araz-Naxçıvan" PFK olaraq, çempionatı təşkil edən PFL-ə, həmçinin futbolun inkişafı üçün çalışan AFFA rəhbərliyinə təşəkkürümüzü bildiririk və çempionatın növbəti turlarında digər klublara uğurlar arzulayırıq. Yarandığı gündən etibarən komandanın daim yanında olan sadiq azarkeşlərimizə minnətdarlığımızı bildiririk".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43